İctimai fəal Bəxtiyar Hacıyev
Dünya görmüş insanlara sadə bir hipotetik sualım var.
Təsəvvür edin Bakıda bütün narkotik vasitələr satıcılarına heroin, kokain, metamfetamin və s. paylayan bir narkobaron var. Onunla bağlı DİN-ə çox insan şikayət ünvanlayır, DİN isə “çox peşəkar barondur, tapa bilmirik” cavabı verir. Cəmiyyətdə isə hamı onun DİN tərəfindən himayə edildiyini, şəxsən nazirin biznesini kurasiya etdiyini deyirlər. Həmin narkobaron da mal verdiyi adamlara nazirin adından verdiyini deyir.
Bu narkobarondan əziyyət çəkən biri nazirliyə müraciət edir, onlar “vallah, billah, şərəf və ləyaqətimizə and olsun ki, biz bilmirik kimdir, tapa bilmirik, çox peşəkardır, bu boyda DİN qurumu acizik onun qarşısında” deyəndə həmin vətəndaş onlara təklif edir ki, təhlükəsizlik kameralarından onun hərəkət marşrutunu izləsinlər. Amma DİN bunu etmir.
Nəhayət, həmin vətəndaş DİN-in görməli olduğu işi özü görür, narkotik alverçilərinin olduqları yerlərə kameralar quraşdırır və izləyir ki, bir nəfər maşınla Nərimanov, Yasamal, Səbail, Suraxanıda bütün satıcılara kiloqramlarla narkotiki paylayır, sonra da gedir bir yaşayış kompleksindəki evinə.
Vətəndaş yaxınlaşır həmin binaya, komendanta vəziyyəti izah edir. Komendant deyir ki, xəbərim var, amma onun hansı blok, hansı mənzildə yaşamasını bilsəm də, sənə yox, DİN müraciət etsə, onlara deyərəm. Komendant hətta deyir ki, DİN müraciət etsə, binanın daxilindəki, liftdəki görüntüləri də verə bilərəm, DİN də gəlib tuta bilər, öz adını da təmizləyər, cəmiyyəti də.
Vətəndaş kamera görüntüləri, maşın nömrəsi, telefon nömrəsi və s. kimi məlumatları DİN-ə təqdim edirsə, DİN dərhal bunu araşdırmaq və tədbir görmək əvəzinə vətəndaşa “müraciət etmisiniz, gözləyin, inşAllah ki, nəticə olar” deyirsə və addım atmırsa, sizcə DİN bu narkobaronu həbs etmək istəyir, yoxsa, doğrudan da himayə edir?