AXCP sədrinin müavini Seymur Həzi
Həbs edilmiş ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı paylaşılan video və bizim onu müdafiə etməzyimiz barədə bir neçə söz;
Mən Sərdar Hacıhəsənlini 17-ci cəzaçəkmə müəssisəsində tanımışam. Uzun söhbətlərimiz olub. Bu söhbətlər onu savadlı və vətənsevər biri kimi tanımağıma səbəb olub. Bir neçə dəfə vətən və din dilemması ətrafında müzakirəmiz olub. Mənim “dövlət” dediyim zaman nəzərdə tutduğum məfhuma o “vətən” deyirdi. Belə dilemma olarsa, “əsli vətənin sevməyən dindən çıxar” deyirdi. Bu yazını niyə yazıram? Ona görə ki, onu demokratik düşərgədəki dostlara mən tanıtmışam. İndi ortaya çıxan vdeogörüntülər və iddialar bizi Sərdər Hacıhəsənlini müdafiə etdiyimizə görə qınamağa əsas vermir. Bu o halda olardı ki, Azərbaycan hüquq sitemi çox şəfaf olardı və ancaq günahkarları həbs etməklə tanınardı. Çox təəssüf ki, bu belə deyil. Vətənə xəyanətdə ittiham olunan adamın hansı əməllər törətdiyi barədə hələ də cəmiyyətə heç bir rəsmi açıqlama verməyən qurumlar, dolayı yolla onun nüfuzuna zərbə endirir. Bu onların seçdiyi taktika ola bilər, amma bizim də doğru məlumat almaq haqqımız var. Günahsız adamların kütləvi surətdə həbs edildiyi ölkədə hüquq qorumaq asan iş deyil. Biz öz sıralarımızdan olan insanlar xaric heç kimin əqidəsini müdafiə etmirik. Amma kimliyindən asılı olamayaraq hər kəsin pozulmuş hüququnu müdafiə edirik. Edəcəyik də. Çünki, pozulmuş hüququ müdafiə etməklə qanunu pozana qarşı belə ədalətli olmaq dövlətin təməlini gücləndirir.
Biz elə adamları müdafiə etmişik ki, həbs olunana kimi onun hədəfində biz olmuşuq, azadlığa çıxıb bizə qarşı əvvəlkindən daha iyrənc və qərəzli olub. Amma bu bizi pozulmuş hüququn qorunmasından yayındırmayıb, yayındırmayacaq da.
Azərbaycan yalnız o zaman tam hüquqi, demokratik və dünyəvi dövlət olacaq ki, orada ədalətin heç bir mənsubiyyəti olmayacaq. Ədalət hamıya eyni məsafədə olacaq. Biz onu da çox görmüşük ki, hakimiyyətin yanında və içində olanda bizə qarşı yırtıcılıq edənlər belə o hakimiyyətin zindanına düşəndə gözləri birinci bizi gəzib. Çünki özləri də bilirlər ki, qanunun aliliyi və hüququn toxunulmazlığı prinsipi bizim üçün heç kimə fərq qoymadan gözlənilən prinsipdir və ədalət üçün lazım olan qoşa qanaddır. Hüquqa toxunulan yerdə qanun ali deyil. Qanun ali deyilsə, hüquq da toxunlumaz deyil.
Sayğılarla!