İlham Hüseyn
Əvvəllər siyasi məhbusların məhkəmələrində 15-20 nəfər iştirak edə bilirdi. Niyaməddin Əhmədovun məhkəməsində zala 3-5 nəfərdən artıq adam buraxmırdılar. Aqil Hümbətovun məhkəməsinə isə heç kimi buraxmırlar.
Bəli, ötən müddət ərzində ölkədə avtoritarizm daha da dərinləşib, hüquq daha rüsvayçı vəziyyətə salınıb. Digər tərəfdən məhkəmələrə heç kimin buraxılmaması hökumətin şər aparatının özünüifşasıdır. Çünki məhkəmə zamanı açıq şəkildə sübuta yetirilir ki, bu adamlar siyasi sifarişlə həbs olunub. Hökumət həm də “dialoq müxalifəti”ni palçığa döndərib. Avtobus sakinləri iddia edirdi ki, dialoqun müsbət nəticələri var. Reallıq isə budur ki, dialoqdan əvvəl şərlənmişlərin məhkəməsində iştirak təmin edilirdi. Dialoqdan sonra isə məhkəmə tamaşasını müşahidə etməyə də qadağa qoyulub. Bir qrup səmimi insan da var idi ki, “müharibədən sonra hər şey dəyişəcək, real islahatlar aparılacaq” pozitivliyinə bürünmüşdü. Hökumət onların da proqnozunu zibilə döndərdi.
Nəticədə gördük ki, Qarabağda əldə edilmiş hərbi zəfər ölkəyə işıq gətirmək üçün deyil, ölkəni qaranlığa çevirmək üçün imiş. Hökumət zülmün, hüquqsuzluğun, oğurluğun izini itirmək üçün Qarabağı alətə çevirib. İstəyirlər ki, dünənə qədər “əsas odur ki, sabaitlikdir” deyərək, özünə təsəlli verənlər, indi də “əsas odur ki, Zəngilanda ağıllı kənd salınır” təsəllisiylə yaşasınlar.
Ona görə də “malakeşlər” özlərini yormasın. Mövcud idarəçiliyin divarı suvaq götürməyəcək haldadı. Divarı uçurmaqdan başqa çarə yoxdur.