AXCP sədri Əli Kərimli
Heç bir cinayət törətməmiş Niyaməddin Əhmədovun 13 il müddətinə həbs edilməsilə Əliyevlərin Londonda üzə çıxmış 700 milyon dollarlıq əmlakı arasında əlaqə olduğunu bilirsiz?
İlk baxışda bu əlaqəni görməyə bilərsiniz. Ancaq prosesə birlikdə və diqqətlə baxsaq, bu əlaqəni görəcəyik. Niyaməddin bəyə bu insafsız cəza verilir ki, ölkə vətəndaşları qorxudulsun, demokratk müxalifət zəifləsin. Bəs müxalifəti məhv etmək, cəmiyyəti susdurmaq nələrinə lazım? Ölkədə güclü müxalifət, haqqını tələb edə bilən cəmiyyət olanda xalqın sərvətlərini, həm də külli miqdarda oğurlamaq mümkün olmur. Normal parlamentin, azad mətbuatın, güclü müxalifətin, haqqını tələb edə bilən toplumun olduğu ölkədə kim cəsarət edər ki, Müdafiə Nazirliyinə, Müdafiə Sənayesi Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə ayrılan büdcə vəsaitini oğurlayıb xaricdəki şəxsi ofşor hesablarına daşısın?
Lap tutaq ki, kimlərinsə nəfsi ağlını başından çıxardı və müharibə aparan ölkədə yararsız silah “otkatından”, qazinin, veteranın, təqaüdçünün pensiyasından, müavinətindən oğurlayıb, daşıdı ofşorlara, bəs xalq xəbər tutan kimi belə bir korrupsioner hökuməti istefaya göndərməzmi? Əlbəttə göndərər.
Əziz həmvətənlər, bu ölkədə Niyaməddin Əhmədovları ona görə məhv etmək, müxalifəti ona görə sıradan çıxarmaq istəyirlər ki, ölkənin sərvətlərini rahat oğurlasınlar. Cəmiyyəti ona görə qorxudub susdurmaq istəyirlər ki, hətta bu nəhəng korrupsiya barədə faktlar ortaya çıxanda da cəmiyyətin hakimiyyətdən hesab sormağa taqəti olmasın. Ona görə də Niyaməddin Əhmədovun məhv edilməsinə susmayın! Sizdən oğurlanmış 700 milyon dollarlıq mülklərin unutdurulmasına imkan verməyin!