Niyaməddin Əhmədovun atası: “Nə qədər xahiş etsəm də…”
Bu gün, oktyabrın 8-də 13 il həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun artıq 15 gündür aclıq aksiyası keçirdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun atası Arif Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu gün, oktyabrın 8-də oğlu ilə görüşüb: “Nə qədər xahiş etsəm də, aclığı dayandırmayacağını dedi. Dedi ki, mənə haqsız yerə 13 il iş veriblər, mənim ittiham olunduğum maddələrlə əlaqəm yoxdur”.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Fəalların bir çoxu Şamaxı yolunda buraxılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, bu gün, oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi önündə saxlanan fəallardan bir çoxu Şamaxı rayonuna gedən yolda sərbəst buraxılıb.
Əsasən qadınlardan ibarət olduğu deyilən bu fəallara fiziki zor tətbiq edildiyi də bildirilir. Fəallardan Fuad Əhmədlinin isə hələ də buraxılmadığı vurğulanır.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu