AXCP sədri Əli Kərimli
Həmin gün ata-oğul nefti üzlərinə sürtəndə xalqa mesaj vermişdilər ki, siz neftdən gözünüzü çəkin, o bizlikdir. Adı sizin olsa da, “dadı” bizim olacaq. Təəssüf ki, elə də oldu.
Azərbaycan hakimiyyəti əvvəllər “əsrin müqaviləsi” adlandırdığı neft müqaviləsinin imzalandığı günü – 20 sentyabrı çox böyük təntənə ilə qeyd edərdi. İllər keçdi, neft gəlirləri məlum qrup tərəfdən mənimsənildi. Xalq başa düşdü ki, bu başıbəlalı neftdən ondan başqa hamı qazanır. Avropanın muzey və qəsrləri, parkları bizim neft pulları hesabına təmir edilib, abadlaşdırılır. Rusiya öz köhnə və yararsız silahlarını bizə satmaq adı altında milyardlarla dollar neft puluna şərik olur. Bizim neft pulları Rusiyada turizmi və daşınmaz əmlak bazarını ayağa qaldırır. Rejim neft pulları vasitəsilə Lukaşenko kimi diktatorların hakimiyyətdə qalmasına kömək edir. Avropada nə qədər rüşvətxor, prinsipsiz siyasətçi var, hamısını satın alır. Dünya idmanı da, şou biznesi də, hətta erməni kilsələri də bizim neft pullarından fayda götürdü. Ancaq təbii ki, ən böyük payı özləri götürdü. İndi dünyada elə bir ofşor zonası yoxdur ki, orada oğurlanmış neft milyardları gizlədilməsin. Məhz neft pulları hesabına hakim ailə təkcə Azərbaycanın yox, dünyanın ən zəngin ailələrindən birinə çevrildi.
Və bütün bu göz qamaşdıran zənginliklərin fonunda azərbaycanlı uşaqlar uşaqpulusuz, yoxsulluq içində böyüməkdə davam edir. 186 min nəfər ahıl yaşlı vətəndaşımız pensiyadan, 10 minlərlə əlil soydaşımız əlillik müavinətindan məhrum edilib. Milyonlarla azərbaycanlı iş, çörək ardınca gedib, Vətəndən didərgin düşüb. Daha bir neçə milyon soydaşımız Vətəndə işsiz, daimi qazancı olmadan – Allah ümidinə yaşayır. Neft müqaviləsinin imzalanmasının 27 illiyi şərəfinə )) bu il yanacağın qiymətini 4 dəfə qaldırdılar. İndi bizim hamımızı baha qazlı soyuq (yay çox isti oldu) qış gözləyir.
Neft isə tükənir. Neft pullarının isə yalnız dörddə biri qalıb. Həmin qalığın da qarşıdakı bir neçə ildə dağıdılmaması üçün xalq olaraq yuxudan ayılmağımız lazımdır. Qəflət yuxusundan ayılmaq istəyirikmi?