Milli Şuranın sədri, professor Cəmil Həsənli
“Doing Business” də belə getdi. İlham Əliyevin saxta rəqəmləri onu da çökürtdü. Özü də necə rüsvayçı formada. Azərbaycan da daxil olmaqla 4 ölkənin (Azərbaycan, Çin, Səudu Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) göstəricilərində saxtakarlıq müəyyən edildiyi üçün “Doing Buisness” tövbə etdi ki, bir də iqtisadi və sosial xarakterli illik reytinq təqdimatları hazırlamayacaq və dərc etməyəcək. Dünya Bankı bu istiqamətdə 17 illik fəaliyyətini birdəfəlik dayandırdı. Bu dörd ölkəyə içərisində bəzi saxta rəqəmləri dövriyyəyə versələr də, Çinin, Səudu Ərəbistanın və BƏƏ-nin iqtisadi uğurları inkar edilməzdir.
Bəs Azərbaycan dünya sıralamasında 190 ölkə arasında 28-ci yerə necə düşmüşdü? Axı Azərbaycanda nə iqtisadiyyat var, nə iqtisadi islahatlar, nə də biznes mühiti. Olan korrupsiyadır. Elə o 28-ci yeri də korrupsiya, həmin təşkilatda müxtəlif məsul şəxsləri ələ almaq hesabına əldə etmişdilər. İlham Əliyev ölkədə iqtisadi həyatı canlandırmaq, sosial rifahı yaxşılaşdırmaq əvəzinə, əyri yollarla “Doing Buisness”dən arayış alırdı ki, biz dünyanın iqtisadi reytinqində 28-ci yerdəyik və bunu əlində tutarqa edirdi. İndi bu da onun əlindən çıxdı.
“Doing Buisness”i çökürdən də İlham Əliyevin rəqəmsal saxtakarlığı oldu. Nəhayət Dünya Bankı dünən bəyan etdi ki, “Doing Buisness”in 2018-ci ildən sonrakı illik reytinqləri saxtadır və onlar öz etibarlılığını itirib. Əliyev rejimin saxtakarlığı ölkənin adının daha bir rüsvayçı beynəlxalq qalmaqalda hallanmasına gətirib çıxarıb.
Görün bu ilin yanvar ayında İlham Əliyev “Doing Buisness”in həmin saxta reytiq cədvəlini əlində rəhbər tutub necə qürrələnir və ölkənin real sosial – iqtisadi mənzərəsini ortaya qoyanları necə təhqir edirdi.
“Dünya Bankının “Doing Business” hesabatında, – yəqin vətəndaşlar xatırlayırlar, – bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.