Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan idmançı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsində ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Amma məhkəmədə apellyasiya şikayətinə baxılarkən istər AXCP üzvü olan idmançı özü, istərsə də onun vəkilləri bəraət istəyib.
“Olmayan bir hadisə ilə adamı şərləyib məhkum ediblər”
Vəkillər Elçin Sadıqov və Bəxtiyar Hacıyev deyib ki, Məmmədzadəyə verilən xuliqanlıq ittihamı tam əsassızdır. Cinayət işinin materialları da, işə əlavə olunan videogörüntülər də, hətta dindirilən şahidlər də onun günahsız olduğunu sübut edir.
“İttiham tərəfinin öz şahidləri belə bir hadisəni görmədiklərini deyirlər. İttihamda iddia olunur ki, Səid Məmmədzadə zərərçəkmişi saat 22 radələrində bıçaqla vurub. İttiham tərəfinin şahidləri isə avtoyuma məntəqəsində saat 21:00 radələrində olduqlarını deyirlər. Yəni, ittihamın öz şahidləri ittihamın yalan olduğunu sübut edir. Olmayan bir hadisə ilə adamı şərləyib məhkum ediblər”, – vəkil Sadıqov belə deyib.
Məmmədzadə özü də günahsız olduğunu, siyasi baxışlarına görə böhtana məruz qaldığını vurğulayıb.
Qısa müşavirədən sonra Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası Xətai rayon Məhkəməsinin hökmünün dəyişməsi haqda qərarı elan edib.
Azadlıq radiosu