“Azəriqaz” adlı bir idarənin rəhbəri dünən dillərə dastan olacaq bir açıqlama verib. Bu hakimiyyətin öz vətəndaşına necə nifrət etdiyini bilmək üçün o açıqlama yaxşı örnəkdir. Gələcəkdə tarix kitablarına düşəcəyinə belə, şübhəm yoxdur.
Əkbər Hacıyev ad-soyadlı həmin cənab deyib ki, ucqar kəndlərin sakinlərinə qaz vermək sərfəli deyil, ona görə də qoy onlar qızınmaq üçün başqa yollar fikirləşsinlər. Adamda zehniyyətə bax! Belə çıxır ki, ölkənin ucqarlarında insanlar soyuqdan donmalıdırlar, çünki qazı oralara qədər aparmaq bunların cibinə uyğun deyil.
Üstəlik, sanki adam həyətinin kartof-soğanını bazara çıxarıb, kimə satıb-satmayacağına da o qərar verir. Ey Əkbər Hacıyev! Sənin satdığın o qaz bu millətin malıdır. O qazın sahibi bu millətdir. Yeri gələr, zəhmət çəkərsən, beş manat aşağı satarsan. Bir az da az qazanarsan. Üstəlik, onsuz da onu öz xalqınıza yunana, rusa, nə bilim daha kimə satdığınızdan baha sırıyırsınız, beş-üç ucqar kəndə qaz çəkib ziyan eləməklə xəncərinizin qaşı düşməz.
***
Bəli, hörmətli xanımlar və bəylər, biz deyəndə ki, bunlar millətin sərvətlərini şəxsi malları hesab edir, biz deyəndə ki, bunlar dövləti ailə şirkətinə çeviriblər, çoxu atılıb-düşürdü.
Buyursunlar, indi versinlər Əkbər Hacıyev ad-soyadlı bu cənabın və onun başının böyüklərinin cavabını! Soruşsunlar ki, niyə o ucqar kəndlərin sakinlərini avtobuslara doldurub zorla səsvermə məntəqələrinə aparanda, onların səsini öz xeyrinizə saxtalaşdıranda bu sizə sərf edir, amma onlara qaz verəndə yox? Niyə o ucqar kəndlərin sakinlərini ucdantutma YAP-a doluşduranda bu sizə sərf edir, amma onlara qaz verəndə yox?
***
“Azəriqaz” başbiləninin açıqlamasında ən vacib məqam onun ucqarlardakı vətəndaşlarımıza qızınmaq üçün başqa yollar təklif etməsidir.
Keçənlərdə Gədəbəydə bir ailə başçısının məhz həmin “başqa yollar”dan birinə baş vurmasının hansı fəlakətə, dəhşətə, ürək parçalayan sonluğa yol açdığını bilirsiniz. Yaşadığı kəndə qaz verilməsi hökumətə sərf etmədiyindən… meşədən odun qırıb gətirərək ailəsini soyuqda donmaqdan xilas edən həmin yurddaşımız sonradan məhz buna görə yerli ağaların, xudaların başına açdıqları oyunlara dözməyərək, özünü, xanımını, uşaqlarını yandırdı.
Hakimiyyətdəkilər bu faktdan utanmaq, ölüb yerə girmək yerinə, o bədbəxt ailə başçısını suçlu çıxardı. Və indi yerdə qalanlara “qızınmaq üçün başqa yollar” təklif edirlər.
Yəqin o “başqa yol”un biri də Gədəbəydəki hadisədən sonra ağıllarına gəlib, sadəcə, xəcalətlərindən açıq-açıq söyləyə bilmirlər.
Madam onlar söyləyə bilmir, bu zəhmətə də qatlaşım, mən yazım: “Özünüzü yandırın, mütləq qızınacaqsınız…”.
Fuad Poladov haqqında iki qənaət
Dünən saytların birində xalq artisti Fuad Poladovun açıqlamasına rastladım. Sitat: “Təlxək rolunu oynayana ”xalq artisti” adı verdilər, o da Qacarı yaratmış aktyora “sağ əlim sənin başına” dedi”.
Mən əlbəttə ki, “xalq artisti”, “xalq şairi”, nə bilim, xalq nəyi kimi adamda ikrah doğuran, mədəniyyətin tormozlayıcısı rolu oynayan, mədəniyyəti saray divarları arxasına məhkum edilən titulları ciddiyə almamağın tərəfdarıyam. Çünki belə titulları bir qayda olaraq xalqla heç bir əlaqəsi olmayan, şahın buyruğunda müntəzir adamlara verirlər.
Amma yenə də Poladovun məntiqini anlamadım. Onun fikrincə, sənətdə ucalmaq üçün illah ki, Qacar obrazı, yəni şah obrazı yaratmaq lazımdır. Şahları ələ salan, onlara sözün düzünü yumorla çatdıran təlxək rolu ilə isə uzağa getmək olmaz.
Şəxsən mən aktyorun bu dediklərindən iki məntiqi nəticəyə gəlirəm:
BIR: bu, Fuad müəllimin nə qədər gizlətməyə çalışsa da, altşüurunda çox dərin bir şahsevənlik duyğusunun yatdığından xəbər verir;
IKI: bu, Fuad müəllimin həm də aktyorluq haqqında bəsit təsəvvürünün görsənişidir, çünki teatr haqqında ən ibtidai qənaətə görə, böyük və kiçik rol yoxdur, yaxşı və pis rol
yoxdur, yaxşı və pis aktyor var.