Qaşqay İsmayıl
Bu ilin ilk rübündə Azərbaycanın tədiyyə balansının profisiti 326 milyon dollar təşkil etmişdir. Sadə dildə desək, ölkəyə daxil olan dolların məbləği ölkədən çıxarılan dollardan 326 milyon dollar çox olub.
Bu isə indiki məqamda hökumətin qarşısına qoyulan əsas vəzifənin – nəyin bahasına olursa olsun manatın kursunun sabit saxlanılması tapşırığının icra edilməsi deməkdir. Əslində bu heç də yaxşı hal deyil, çünki bu rəqəmlər hazırki iqtisadi tənəzzülün nəzarət altında saxlanılması, vəziyyətin ilbəil lakin stabil şəkildə pisləşməsi deməkdir.
Bu vəziyyətdən xilas olmaq üçün kəskin iqtisadi böhranın baş verməsi, bəlkə də hökuməti ölkənin gələcəyi lə bağlı daha ciddi tədbirlər görməyə vadar edə bilərdi. İndi isə yeganə qayğı manatın dollar qarşısında kursunun 1.7 manatda saxlanılmasıdır.
Düzdür, manatın kursunun sabitliyi daxili monopoliyanın və qlobal bazarlarda bahalaşmanın səbəb olduğu inflyasiyanın qarşısını almaqda acizdir. Inflyasiya dalğasının hər zərbəsindən sonra əhalinin sosial-iqtisadi vəziyyəti pisləşməkdə davam edir. Lakin devalvasiyanın qarşısının alınması bu dalğanın öldürücü gücə çevrilməsinə hələlik mane olmaqdadır
Məyusluq doğuran əsas məqam, hökumətin hər hansı plan və istəklərinin olmamasıdır. Kağız üzərindəki islahat planları, müasir texnologiyalara və yaşıl enerjiyə keçid barədə sözlərin reallıqla heç bir əlaqəsi yoxdur. Hakimiyyetin yeganə qayğısı büdcədən maaş və pensiya alan vətəndaşların stabil şəkildə bankomatdan həmin məbləği çıxarması və manatın alıcılıq qabiliyyətinin nisbi də olsa qorunub saxlanılmasıdır. Qarşıdakı illərdə baş verə biləcək dəyişikliklərlə bağlı hökumətin nəinki planı, belə görünür ki, heç təsəvvürü də yoxdur.