Keçmiş siyasi məhbus Fəxrəddin Bağırlının qızı ölkədən gedib
«Öz vətənimizdə iş tapmaq və normal yaşamaq hüququmuz əlimizdən alınıb»
Keçmiş siyasi məhbus Fəxrəddin Bağırlının qızı Milana Bağırlı ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. “Azadlıq” qəzetinə açıqlamasında o bunu özünə və həyat yoldaşına qarşı təzyiqlərlə əlaqələndirib:
“Həm mən, həm də həyat yoldaşım fəal müsavatçı olmuşuq və uzun illər buna görə təqiblərə məruz qalmışıq. Təsəvvür edin ki, 2003-cü ildəki prezident seçkilərindən dərhal sonra işdən çıxarılan həyat yoldaşım Rasim Cabbarovu ötən 9 ildə heç yerdə işə götürmədilər”.
Müsavat Partiyasının keçirdiyi bütün tədbirlərdə, o cümlədən 2000-ci ilin parlament seçkiləri ərəfəsində müsavatçı namizədlərin seçki kampaniyalarında, 2003-cü ilin prezident seçkilərində Müsavat başqanı Isa Qəmbərin təbliğat kampaniyasında, 2005-ci ilin parlament seçkilərində müxalif “AZADLIQ” blokunun seçki kampaniyasında, 2009-cu ildəki referendumda Müsavatın “Resbublikaçılar” təşviqat qrupunun qeydə alınması üçün imzatoplama kampaniyasında yaxından iştirak etdiklərini bildirən M.Bağırlı vətəndə “doğmalar içində yad” durumuna düşməyin təkcə maddi yox, həm də mənəvi baxımdan çətin olduğunu deyib:
“Biz heç bir pis iş görməmişik, sadəcə öz hüquqlarımız, o cümlədən azad seçki hüququmuz uğrunda mübarizə aparmışıq. Buna görə bizi bir vətəndaş olaraq çıxdaş eləmək nə dərəcədə doğrudur?”.
O, ötən illərdə üzləşdikləri fiziki zorakılıq hallarından da danışıb: “Çox az mitinq olardı ki, Rasim döyülməsin. 2000-ci ilin parlament seçkiləri ərəfəsində aldığı xəsarətlər lap ciddiydi. Müsavatçı namizədlər üçün imza toplayanlardan biri idi, buna görə Buzovna kəndində polislər onu möhkəm döymüşdülər. Yenə o vaxt Müsavat Partiyasının müşahidəçisi kimi 234 nömrəli məktəbdə yerləşən seçki məntəqəsindən döyülərək çıxarılmışdı. 2003-cü ilin prezident seçkilərində isə Rasim Müsavat başqanı Isa Qəmbər üçün imzatoplamada iştirak edirdi və Əzizbəyov rayonunda apardığı təbliğat kampaniyasına görə döymüşdülər onu. Üstəlik, öyrədilmiş adamlar yaşadığı evə soxulub valideynlərini təhqir etmişdilər.
Həmin seçkidə də Rasim müşahidəçi idi, hakimiyyət nümayəndəsindən seçki protokollarını tələb etdiyinə görə polislər onu zorla məntəqədən çıxarıb aparmış, səhərə qədər bölmədə saxlamışdılar. Onda Rasimi beynəlxalq müşahidəçilərin və hüquq müdafiəçilərinin tələbindən sonra buraxdılar. Yəqin xatırlayırsız, seçki gününün səhəri Mərkəzi Seçki Komissiyasının önündə mitinq olmuşdu, Rasim həmin mitinqdə də döyülmüşdü. Sonra da həsb olunmamaq üçün bir müddət gizlənmək məcburiyyatində qalmışdı.
2010-cu ilin parlament seçkilərində o, “AXCP-Müsavat” blokundan olan namizədlərin seçki kampaniyalarında fəal iştrak etmişdi. Onda Rasim Saxəvət Əliyevin nümayəndəsi kimi Şərurdakı seçki məntəqələrinin birində müşahidəçi idi, amma hələ seçkilərdən üç gün əvvəl tərtib olunmuş seçki protokollarını əldə etdiyinə görə polislər onu xüsusi vəhşiliklə döymüşdü. Orda da həbs olunmaq təhlükəsi vardı və buna görə də Rasim Irandan keçməklə Bakıya qayıda bilmişdi. Bir il sonra anası dünyasını dəyişəndə o, yenidən Naxçıvana getdi və yenidən həbs təhlükəsi yarandığı üçün bir gün sonra Bakıya dönməli oldu”.
Milana Bağırlı təqib və təzyiqlərin sonralar da davam etdiyini söyləyib: “Hamımız izlənirdik. Evimizə fasiləsiz zənglər olurdu, bizi hədələyir, cəzalandırmaqla qorxudurdular. Ona görə də ölkədən getmək qərarına gəldik…”.
Ramin DEKO