İctimai fəal Bəxtiyar Hacıyev
Dünən 44 günlük müharibəni dayandıran 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından 7 ay ötdü.
1) Azərbaycan tərəfi bu müharibədə güclü, haqlı (beynəlxalq hüquqla tanınan öz torpaqlarını azad edən) və Azərbaycan ordusu irəliləyən qalib tərəf idi.
2) Ermənistan tərəfi zəif, haqsız (başqa ölkənin ərazisini işğal etmiş) və itki verərək geri çəkilən məğlub tərəf idi.
3) Bu bəyanatda 6-cı və 9-cu maddələrdə Ermənistan və Azərbaycanın razılığı ilə açılacaq iki koridorla bağlı razılaşma var. Laçın koridoru və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək koridor.
4) Naxçıvana gedən koridor Azərbaycanın bir ərazisindən digər ərazisinə tranzit yolu kimi istifadə olunan koridordur. Laçın koridoru isə Ermənistandan başqa ölkənin – Azərbaycanın ərazisi olan Qarabağa yol.
5) Laçın koridoru ilə bağlı 10 noyabr bəyanatında konkret detallar və tarixlər göstərilib. 5 km enində, 3 il müddətində, Şuşa şəhərindən yan keçməklə. Naxçıvana gedən koridorla bağlı isə nə en razılaşdırılıb, nə yeni koridorun tikiləcəyi tarix, nə marşrut.
6) 7 aydır qalib Azərbaycan tərəfi Ermənistana Azərbaycan ərazisi olan Dağlıq Qarabağa yük, vətəndaş, nəqliyyat vasitələrinin gediş-gəlişinə icazə verir. Ancaq məğlub Ermənistandan keçəcək koridorla bağlı 11 yanvar 2021 bəyanatında İşçi Qrup, ekspert altqrupları yaradıldığı qeyd edilir.
7) 7 ay keçsə də, qalib Azərbaycan tərəfinin ərazi dəhlizi olan Laçın koridoru işləkdir, ermənilər oradan yük, insan daşıyırlar. Məğlub Ermənistanın isə açmalı olduğu nəqliyyat dəhlizi – Zəngəzur koridorunun nə vaxt açılacağı hələ də razılaşdırılmayıb.