Səadət Cahangir
Dünən aldığım acı xəbərin şokundan çıxa bilməmişəm. Bir dostumuzun yazdığı “Humay vəfat edib” xəbərini hələ də yaxına buraxa bilmirəm. Humayı BP şirkətində işlədiyim zaman tanıdım. BP-də işlədiyimiz qısa zaman müddətində onun yüksək intellektinə, savadına, dil biliklərinə, tərbiyəsinə heyran qaldım. Dünya ədəbiyyatından oxumadığı yazar qalmamışdı, 5 dili mükəmməl şəkildə bilirdi və yenilərini öyrənirdi. O zaman atası nazir olsa da, heç vaxt özünü bizdən ayrı saymadı. Nə qədər sadə, insansevər, vətənsevər, yardımsevər, humanist, mərhəmətli idi! Necə həyat dolu, necə pozitiv idi. Yaddaşıma əbədi olaraq təbəssümü ilə həkk olunub! Sonralar Dünya Bankında, “Financial Times”da, Azərbaycan Mərkəzi Bankında işlədi. Son iş yeri Beynəlxalq Qızıl Xaç Komitəsi idi. Komitənin xətti ilə ən ağır bölgələrə gedib çıxmışdı. İnsanlara kömək etməkdən zövq alırdı. Yoxsul ailələrə, 44 günlük müharibə dövründə şəhid ailələrinə də xeyli yardım etdiyini bilirəm. Dünən Kolumbiyadan vəfat xəbəri gəldi. 35 yaşında idi, böyük arzuları vardı, sevgi dolu, həyat dolu idi. Musiqini, şeiri sevirdi. Haqqı nahaqqa verməzdi. İtkisi dostlar üçün çox ağırdır, çox! Azərbaycan onun simasında çox ziyalı bir gəncini itirdi. Ona “ailənin ən böyük dəyərisən, sənin kimi övlad böyütdükləri üçün nə xoş hallarına” deyərdim. Ata-anası üçün daha ağır olacaq bu itki. Allah səbr versin. Bir Humay quşu kimi uçub getdin! Səni hər zaman gözəl gülüşünlə xatırlayacam. Yerin gözəllik dolu olsun, Humay! Gülə-gülə, gözəl könüllü qız!
P.S. Xatırladaq ki, Humay Quliyeva Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin qızıdır.