Bakıda orduya dəstək yürüşündə baş verənlərlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş 37 nəfərin işi məhkəməyə birlikdə göndərilsə də, üç ayrı qrup üzrə araşdırılacaq. Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov fevralın 24-də bu barədə qərarı elan edib.
Bu iş baxılması üçün məhkəmə sədrinin icraatında idi. Fevralın 23-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər və onların vəkilləri 22 vəsatət qaldırmışdılar. Bunlardan biri də təqsirləndirilən şəxslərin sayının çoxluğunu nəzərə alıb, işin hərtərəfli araşdırılması üçün bir neçə qrupa bölünməsi haqda idi. Hakim fevralın 24-də hazırlıq iclasının qərarını elan edərkən məlum olub ki, bir gün öncə qaldırılmış vəsatətlərdən yalnız bu təmin edilib. Cinayət işinə xitam verilməsi, ev dustaqlığında olan təqsirləndirilən şəxslərin ayaqlarına vurulmuş nəzarət qolbaqlarının ağırlığı və kobudluğuna görə dəyişdirilməsi, yaxud da ev dustaqlığının polis nəzarətinə vermə-qətimkan tədbiri ilə əvəzlənməsi və s. vəsatətlərin isə heç biri təmin edilməyib.
Bu işdə təqsirləndirilən şəxslər iyulda həbs olunsalar da, noyabr-dekabr aylarında ev dustaqlığına buraxılmışdılar. Onlardan biri məhkəmənin çağırışlarına gəlmədiyinə görə hazırlıq iclasının qərarıyla barəsində axtarış elan edilib. Daha bir nəfər isə ev dustaqlığına buraxılandan sonra başqa bir cinayət ittihamıyla yenidən həbs olunub.
Üç qrupun işi üzrə məhkəmə baxışı martın 4, 5 və 9-na təyin edilib.
Bu cinayət işi üzrə təqsirləndirilən 37 nəfərdən 15-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.
Azadlıq radiosu