Saatlı rayonunun Azadkənd kənd məktəbinə yeni direktor təyin edilib. Rayon təhsil şöbəsinin müdirisə bu təyinatdan xəbərsiz olduğunu bildirib. Bunu redaksiyamıza müraciət edən kənd sakinləri deyir.
Onların sözlərinə görə, uzun illərdir dərs keçilməyən kənd məktəbinin yeganə əlacı onu biryolluq bağlamaqdır. Büdcə vəsaitini heç bir perspektiv vəd etməyən sahəyə yönəltmək cinayətdir. Çünki burada təhsil adına heç nə yoxdur. Son illər bu məktəbin məzunlarından yalnız bir nəfər ali məktəbə girib ki, bunda da məktəbin heç bir rolu olmayıb. Həmin məzun keçid balını bu məktəbin hesabına yox, qonşu kəndə repetitor yanına getməklə toplaya bilib.
Artıq bir neçə ildir ki, müəllimlərin də düz-əməlli görünmədiyi məktəbin daşını uşaqlar da atıb. Uşaqlarını oxumuş görmək istəyən valideynlər isə onları qonşu Fətəlikənd kəndinə müəllim – repetitor yanına aparırlar. Bu da əlavə xərcdir. Həm müəllim, həm də maşın xərcləri valideynlərin boynunda artıq yükdür.
Belə bir durumda məktəbə müəllim reputasiyası heç də yaxşı olmayan adamın hansı yollasa gətirilməsi valideynlərin narazılığına səbəb olub. Onların bu narazılığına isə rayon Təhsil şöbəsinin müdiri maraqlı cavab verib. Mənlik iş yoxdur, direktoru icra başçısı təyin edib.
Rayondakı mənbəmizdən aldığımız məlumata görə, başdan-başa rüşvətə bulaşmış təhsil şöbəsində vəziyyət heç də ürəkaçan deyil. Bundan əlavə, mənbəmiz Saatlı rayon Təhsil şöbəsindəki qanunsuzluqlarla bağlı şok faktlar da təqdim edib. Rayon məktəblərində evdə təhsil adıyla çox ciddi mənimsəmələr var ki, bunun da bir başı təhsil şöbəsinə bağlıdır. Dəqiqləşmələr aparıb növbəti saylarımızda bu barədə materialı təqdim edəcəyik.
Sosial şöbə