AXCP sədri Əli Kərimli
Oxu və paylaş!
İxtiyarı öz əlində olsaydı, əminəm ki, Qarabağ savaşına könüllü yazılacaqdı. Digər ictimai əsaslarla mühafizəçim Ruslan Əmirov kimi. Gənc cəbhəçi, ictimai əsaslarla mühafizəçim Niyaməddin Əhmədov mərd və mübariz gənclərimizdəndir. 9 aydır ki, qurama və absurd ittihamla (terroru maliyyələşdirmək) həbsdə saxlanılır. Həm də necə saxlanılır? Niyaməddin bəy həbs ediləndən sonra ağır işgəncələrə məruz qalıb. Azərbaycanda yeganə məhbusdur ki, 9 ay ərzində ailəsilə telefon və məktub əlaqəsinə də imkan verilmir. Təbii ki, bu halda ailəsilə hər hansı görüşdən də söhbət gedə bilməz. Niyaməddinin atası Arif Əhmədovun müraciət etmədiyi məhkəmə, qapısını döymədiyi dövlət idarəsi qalmayıb. İstəkləri də adidən adidir. Heç olmasa, həbsindən 9 ay sonra Niyaməddin bəyin anası oğlunun səsini eşitsin, sağ olduğuna özü şəxsən əmin olsun. Ancaq daşdan səs çıxır, məhkəmələrdən, dövlət idarələrindən səs çıxmır. Düşmənin hərbi əsirlərinə göstərilən humanizmdən Niyaməddin bəyə pay düşmür. Təəssüf ki, ona münasibət daha düşməncəsinədir və bu münasibət dəyişmədən davam edir. Soruşa bilərsiniz, bu cavan oğlan nə edib ki, hökumət onunla bu qədər qəddarlıqla davranır? Cavab verirəm. Niyaməddin bəy Milli Şuranın 19 oktyabr 2019 – cu il tarixli mitinqində düz sona qədər – Respublika sarayının qarşısına qədər mənimlə getmiş gəncdir. Həmin gün mən mitinqə getmək üçün evdən çıxandan sonda özüm həbs olunana qədər polislər ətrafımdakı insanları bir – bir həbs edib, məndən ayırırdı. Yalnız Niyaməddin bəy 2 dəfə polislərin əlindən çıxıb, yanıma qayıda bilmişdi. Niyaməddin bəyin bu cəsurluğu onu xüsusi “qara siyahıya” saldı.
Ancaq yetər, bu münasibət dəyişməlidir. Niyaməddin bəy elə bir xarakterə malikdir ki, savaşa qatıla bilsəydi, dəfələrlə yaralansa da döyüşməkdə davam edən, indi haqlarında fəxrlə oxuduğumuz igidlərimizdən biri olacaqdı. Hökumət də bu savaşda gördü ki, cəsur, qorxmaz, mərd igidlər bu xalqın dayağıdır, qızıl fondudur. Niyaməddin bəyi, əqidə sahibi olan digər siyasi məhbusları azad edin. Absurd repressiyalarınızla dövləti, milləti zəiflətməyin.