Yaxud, zəfər təamının inqredientləri
İlham Hüseyn
44 günlük müharibə bizə böyük qurur yaşatdı. Özgüvənimiz artdı, vətəndaş-ordu-bayraq birliyi yarandı. Məğlubiyyət ənənəsi pozuldu, qələbə tarixi yazıldı. Sevinc göz yaşları axıtdıq, igid əsgərlərimizin döyüş hekayələrini həyəcanla dinlədik, oxuduq.
Sona qədər dövlətə, hökumətin addımlarına, orduya dəstək olduq.
Amma bu günlər ərzində yanlış bir təbliğatı cəmiyyətin şüuruna yeritməyə cəhd etdilər. Sanki vətənpərvərlik neqativ hallara susmaq, yanlış addımlara haqq qazandırmaqdı. Yəni, torpaqların bir hissəsi azad olunubsa, digər zərərli hallara göz yummamağı, qələbəyə kölgə salmaq kimi təqdim etməyə başladılar. Hətta bəzi mədəsiylə düşünən adamlar rus qoşunlarının gəlişinə etiraz edənləri, şəhid ailələri və qazilərə qayğı tələb edənləri “xain”, “ermənipərəst” adlandırmaqdan çəkinmədi. Müharibə dövründə əsgər üçün canıyananlıq edənlər, müharibə bitdikdən sonra yaltaqlığın əsgərinə çevrildilər.
Bu bədbəxtlər başa düşmürlər ki, milli birlik, orduya dəstək təkcə müharibə dövrüylə məhdudlaşmır. Əksinə, bu gün milli birliyə qazilərə, şəhid ailələrinə diqqət və qayğıya daha çox ehtiyac var. Bu məsələdən müxalifəti vurmaq, rejimə yaltaqlanmaq üçün yararlananlar, ən böyük xəyanətə yuvarlandıqlarının fərqindədə deyillər.
Biz qələbə sevincin bizə yaşadanlara, normal şərait yaradılmasını istəyirik. Minlərlə hektar ərazini azad etmiş adamlara, 60-70 kvadratlıq mənzil düşmürmü, bu adamlar yüksək təqaüdə layiq deyillərmi?
Bəli, biz qələbə təamın dadmaqdan məmnunuq. Amma bu təama sonradan bəzi indiqrientlər qatıldı və biz bunun dövlətin səhhətinə zərbə vuracağından narahatıq. Biz bu inqredientlərin dadın hiss edirik. Kimsə “dadbilmə”dən məhrumdursa, yaxud sonrakı “ədviyyat”ların acı dadın qəsdən şirin kimi həzm edirsə, bu bizim günahımız deyil.
Ümumiyyətlə, biz qeyri-mümkün olanı istəmirik. Dövlət rezervlərinin 1 faizinin bu işə sərf olunması, problemlərin böyük hissəsin həll edə bilər. Mümkün olanı etməmək üçün haqlı irad söyləyənlərə çamur atmaq, namərdliyin son həddidi.
Qələbəyə ən böyük kölgəni, əsgəri ehtiyac içində yaşadanlar, şəhid ailəsini problemlərlə üz-üzə qoyanlar salır. Bizim dediklərimiz isə qələbənin üzərindən kölgələri götürmək üçündü. Cəmiyyətdəki eyforiya onsuz da müvəqqəti olur. Bunu əbədi saxlamaq mümkün deyil. İsti eyforiya, soyuq reallığa təslim olur.
Müharibə dövrünün silahı Bayraktar oldusa, atəşkəs dövrünün silahı da ordunun sosial təminatı olmalıdı.
Cəmiyyətdə zərrə qədər nüfuzu olmayan adamları, dövləti və xalqı sevən adamların üstünə göndərmək, kölgəni daha da tündləşdirməkdi. Düşməni siyasi masada məğlub etmədikcə, səngərdəki missiya bitməmiş sayılır. Ona görə də səngər sakinlərinin taleyi, “kabinet qəhrəmanları”nın nimdaş təfəkkürünə qurban edilməməlidi.
Qələbə süfrəsində hər şey olmalıdı. Azadlıqlar, ədalət, qanunun aliliyi, vətəndaşa sevgi və.s
Cənablar, sizin kölgəli düşüncəniz, gözükölgəli bioqrafiyanız, qələbə günəşinin şəfəqlərində isinməyə imkan vermir. Üstəlik, torpaqlarımızın bir hissəsinə hələ də düşmənin kölgəsi düşür. Bu kölgəni dəf etmək istəyənlərlə deyil, bu kölgəyə nəfəs verənlərlə savaşın.