İlham Hüseyn
Dövlətin yürütdüyü siyasət yalnız bu günlə uzlaşdırılmamalıdır. Əgər strateji və taktiki addımlar 10 il, 30 il, 50 il sonranı hədəfləmirsə, dövlətin sabahı prioritet deyilsə, deməli, bu günü də təhlükədədir. Biz hərbi zəfər qazandıq, minlərlə şəhidin qanı bahasına torpaqlarımızın bir hissəsin azad etdik, bayrağa ikinci nəfəs verdik, xalqda özünəinam hissi yarandı. Amma bu son deyil və bunu son kimi təqdim etmək dövlət maraqlarına ziddir. Qarşıdakı siyasi savaşda uzağı görmək, siyasi gözü itiləmək lazımdı. Rusiya bu gündü, sabahı Rusiyanın zəhminə qurban vermək olmaz. Azərbaycan hərbi paradla kifayətlənməməli, siyasi parad da keçirməlidir. Daxili siyasətdə demokratiyanın, azadlıqların, hüququn aliliyinin, xarici siyasətdə demokratik dünyayla səmimi müttəfiqliyin paradı keçirilməlidir. Ən əsas isə Türkiyə ilə bağlar elə sıxlaşdırılmalıdır ki, heç bir qüvvə bu bağı kəsmək arzusuna düşməsin. Rusiya da anlamalıdır ki, Azərbaycanı Türkiyə məsələsində güzəştə məcbur etmək mümkün olmayacaq. Əks halda, bu siyasi libasın ilməsi ələ keçər və sona qədər sökməyə cəhd edərlər. Bu elə bir mərhələ və elə bir qərardır ki, bunun qarşılığında istənilən bədəli ödəmək şərəfdi.
Dünyanın siyasi mənzərəsinə dəqiq nəzər yetirmək və dövlətin maraqları naminə gələcəyə yönəlik real addımlar atmaq lazımdı.
Şimaldan gələn “soyuq”dan qorxmaq lazım deyil, bəşəri dəyərlərin “palto”sun geyinib, qızışmaq lazımdı. Birdə ki, sabahın mövsümündə avtoritarizmin qışı yoxdur, demokratiyanın baharı var.
Bir sözlə, şimal təhlükəsin siyasi paradla önləyib, asfalt yola çıxmağa ehtiyac var. Dövlət maraqları başqa “resept”lə sağalmaz.