Araz Gündüz
Balkar türklərinin belə bir Atalar Sözü var: Kimin arabasına minmisənsə, onun da mahnısını oxuyacaqsan.
Uzaq keçmişlərdə işğalçı dövlət tabe etdirdiyi dövlətin formal olaraq hakimiyyətdə qalan başçısının oğullarından birini öz sarayında girov saxlayardı və bu onun itaətdən çıxmaması üçün təminat rolu oynayardı.
Əslində Azərbaycan hakimiyyəti Rusiyanın hərbi bazasını Azərbaycana qaytarmasa, sayı ikimin civarında olan rus qoşununu Qarabağa buraxmasa, onda başqa bir ordunu: sayı 2-3 milyon arası olan işsizlər ordusunu qəbul etməli olacaqdı, azərbaycan vətəndaşlarından ibarət olub Rusiyada ailəsi üçün çörək qazanan bu kütləni ölkəsindən qovmaq rus hökuməti üçün su içmək kimi asan bir məsələdir.
Biz ölkənin demokratik əsaslar üzərində qurulmasına çağıranda, onun sərvətlərinin bir ailə tərəfindən talanmasına qarşı çıxanda, gün-güzəranını keçindirmək üçün hər cür təhqiredici şərtlərlə razılaşıb dolanışığını yola verən bu kütləni də düşünürdük, ölkənin sərvətlərinin ədalətlə bölüşdürülməsi, əhalini işlə təmin edəcək iqtisadi münasibətlərin qurulması ilə vətəndaşlarımızın rifah içində yaşamasını, bir parça çörək dalınca Rusiyanın çöllərinə səfil-sərgərdan gün keçirən vətəndaşlarımızın da bu iztirabdan qurtulmasını arzulayırdıq. İstəyirdik ki, ölkədə ədalətin, insan haqlarının təmin edildiyi, işləməyi bacaran insanların azad şəkildə iş qurduğu və əhalini işlə təmin etdiyi rifah cəmiyyəti yaransın. Çağırışlarımız hakimiyyət tərəfindən süngü ilə, qoluzorluluqla cavablandı, bir qarın çörəyə möhtac edilmiş xalq isə artıq heç kimə inanmadığını nümayiş etdirib hadisələrdən kənarda qalmağa üstünlük verdi və bunun günah yükü hakimiyyət qədər müxalifətin də çiyninə düşür.
Rus hökuməti ona sədaqətini sübut edən azərbaycan iqtidarına işğalda olan torpaqlarının bir hissəsini azad etməyə “icazə verdi”, əvəzində özünü qoşunlarını ölkəyə gətirməklə mükafatlandırıldı. Bütün xarakteristikalarını çox gözəl bildiyiniz bu iqtidar bundan artığını edə bilməzdi və ondan bundan artığını gözləyənlərin arzuları necə gözəl olsa da, ancaq nakamlığa məhkumdur.
Xalqa gəlincə, o savaş meydanında verdiyi şəhidlərlə, göstərdiyi döyüş şücaəti ilə özünün necə böyük bir potensiala malik olduğunu sübut etdi: yetər ki, onu salındığı cəhalət və rəzalət bataqlığından azad et, gör o nə xarüqələr yaradacaq!