Muxtar Respublikanın hüquq-mühafizə orqanları qeyri-rəsmi axtarış aparır
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Ibrahim Musayev yoxa çıxıb. Bu haqda “Azadlıq”a məlumat verən qaynaq deyir ki, Naxçıvan şəhərində hüquq-mühafizə orqanları onun qeyri-rəsmi axtarışlarını aparır: “Qohumlarının evinə gecələr əməliyyatçılar gedir, heç bir izahat vermədən axtarış aparırlar. Bu yoxaçıxma faktının rəsmiləşdirilmədiyi də deyilir”.
Qaynaq deyir ki, Ibrahim Musayevin Naxçıvan şəhərində anadan olduğu, Naxçıvan Dövlət Universitetini bitirdikdən sonra Naxçıvan MTN-də işə götürülməsi xəbəri də var. Yoxa çıxan şəxsin Naxçıvan şəhərinin Qoçüstü deyilən məhləsində yaşadığı da gələn xəbərlər sırasındadır. Bildirilir ki, MTN əməkdaşının gedə biləcəyi bütün mümkün ünvanlar yoxlanılsa da, onu gördüm deyən olmayıb. Naxçıvan şəhərində MTN əməkdaşını xarici ölkə xüsusi xidmət orqanlarının oğurlaması xəbəri də dolaşır. Bu xəbərlə yanaşı əməkdaşın ölkədən qaçması xəbəri də yayılıb. Güman olunur ki, MTN əməkdaşına Muxtar Respublikanın Ali Sovetinin sədri Vasif Talıbovun yaxın ətrafına onun əlaqələri haqda gizli məlumatlar məlum olub. Bundan sonra isə təqib olunduğundan o, Naxçıvandan qaçaraq Türkiyəyə gedib. Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin Ictimaiyyətlə Əlaqələr Mərkəzi ilə əlaqə saxladıq. Ancaq mərkəz rəhbəri Arif Babayevlə danışa bilmədik. Onun mövqeyini gözləyirik.
Ramin DEKO