Lütfən, oxuyun bu yazını, əgər imkanınız və hövsələniz varsa, bu yazı mənim iradəmlə bağlı olsa da, bəlkə Siz də özünüzü görə bildiniz bu yazıda…
Mən burada, öz səhifəmdə yazmışdım ki, Böyük Azərbaycanlı Tofiq Bəy Yaqublunun haqsızlığa,ədalətsizliyə, vıcdansızlığa,şərəfsizliyə və ləyaqətsizliyə qarşı etdiyi protestə-aclığa dəstək olacam və 13 sentyabr 2020-ci il tarixdə,saat 10-00-dan etibarən, Tofiq Bəyin keçirdiyi aclığın dadını-dadacam… Verdiyim sözə, vədimə əməl etdim və başladım… İnamımla, güvənimlə!
Aclığa başladığım ilk gündən dostlarım, yaxınlarım, tanışlarım, tanıdıqlarım və tanımadıqlarım, dəyərli insanlar mənim mesencerimə, votsapıma, telefonuma yazırlar, zənglər edirlər, narahat olduqlarını bildirirlər, aclığı dayandırmağımı xahiş edirlər, bəziləri sağlamlığımı qorumağımı tövsiyyə edirlər. Anlayıram, anlaşılandır. Amma..
ƏZİZLƏRİM, mən aclığı edirəm Tofiq Bəyin yanında olmaq üçün, onu tək qoymamaq üçün,həm də vicdanım üçün… Eyni zamanda Azərbaycan hökumətinin Tofiq Bəyə qarşı ədalətsiz, qeyri-obyektiv mövqeyinə etiraz olaraq edirəm aclığı, həm də ölənədək…
Azərbaycanda başda prezident İlham Əliyev olmaqla-bütün hakimiyyət orqanları neçə illərdir ki, saf bir ailənin üzərinə gedir, məhz, bu ailəyə-Tofiq Bəyə və onun ailə üzvlərinə hamımızın-yazarların, şairlərin, bəstəkarların, alimlərin, dindarların və s., gözü qarşısında divan tutulur…
Azərbaycan hökumətinin saysız-hesabsız ədalətsizliyinin şahidi olmuşam, eşitmişəm, görmüşəm, yaşadıblar, bunların hamısına dözmüşəm… Amma Tofiq Bəy Yaqubluya və onun müqəddəs ailəsinə qarşı edilənlərə dözmək mümkün deyil! Azərbaycan hökuməti və prezident İlham Əliyev bütün xətləri və rəngləri keçdi, həm də çox pis formada keçdi… Tofiq Bəyin və onun ailəsinin timsalında sanki, hər bir Azərbaycanlı ailəsi sınağa çəkildi…
Mən bu sınaqdan üzü ağ, alnı açıq çıxmalıyam, istər diri, istərsə də ölümümlə!
Haqqım tapdalanır, hüquqlarım pozulur, vətəndaş kimi hüquqi statusdan söhbət belə gedə bilməz, torpağım işğalda, sərvətim talanır, dəyərlər məhv edilib demək olar,insanlarımız dünyaya səpələnib bir parça çörək puluna görə, söz deyə bilən insanlarımız mühacirətdə və daha nələr,daha hansı müsibətlər…
Belə bir məmləkətdə yaşamağa dəyərmi, əgər sənin mərd, namuslu, qeyrətli, xalqına görə, Azərbaycana görə canını qurban deyən, ailəsini qurban verən, Tofiq Bəy Yaqublu kimi NÜMUNƏ terrora məruz qalırsa və sən onu qoruya bilmirsənsə?.. Məhz, Onunla yaşayıb, onunla ölməyi daha şərəfli sayıram nəinki, susquq, qorxaq, gözüqıpıq, bir tikə zəhərə dönmüş çörək parçasının qulu olan cəmiyyətdə yaşamaq, əgər buna cəmiyyət demək olarsa…
Odur ki, dəyərli insanlar Sizdən xahiş edirəm artıq dərəcədə, məndən aclığı dayandırmağımı istəməyin!
Bu mübarizə-namus, qeyrət, şərəf və ləyaqət mübarizəsidir!
Mən öz ailəm, övladlarım və laqeyd xalqım qarşısında öz insan və vətəndaş borcumu yerinə yetirirəm, bu mənim kökümdən, iliyimdən və sümüyümdən gələn iradəmin ifadəsidir!
Hörmətlə,
YAP,Səbayıl rayon təşkilatının üzvü,hüquq üzrə fəlsəfə doktoru,aparıcı elmi işçi,doktorant
Elvar Mirzəoğlu