Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublu aclığın 13-cü günündə xəstəxanada sistem qəbulundan da imtina edib. Bu barədə sentyabrın 14-də onunla görüşən qızı Nigar Həzi məlumat verib.
N.Həzi bildirib ki, T.Yaqublu sentyabrın 12-də istintaq təcridxanasından “Baku City Hospital”a köçürüləndən reanimasiyadadır. O da atasıyla reanimasiyada görüşüb.
N.Yaqublu bildirib ki, T.Yaqublu aclığı davam etdirməkdən əlavə, bu gündən sistemlərdən də imtina edir: “Onsuz indiyə qədər vurulanlar da qidaıandırıcı sistem deyildi. Bədənindəki su itkisinin bərpası üçün köçürülürdü. Bundan da imtina edib və bildirib ki, həkimi Adil Qeybulla məcbur eləsə belə, qəbul etməyəcək. Dedi ki, qərarı qətidir: ya bəraət alıb azadlığa çıxacaq, ya da ölüm olacaq. İlham Əliyev iki yoldan birini seçməlidir”.
T.Yaqublu vəkilləri ilə hər gün görüşünə şərait yradılmasını istəyib.
O həmçinin aclığı sentyabrın 7-dən keçirməsi barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Avropa Məhkəməsinə yazdıqlarının yalan olduğunu vurğulayıb.
“Ata dedi ki, ona əvvəldən deməyiblər ki, aclıq barədə ərizə yazmaq lazımdır. Sentyabrın 7-də istintaq təcridxanasının rəis müavini ona deyib. Amma ərizəsində də yazıb ki, sentyabrın 2-dən aclığa başlayıb. Cəmiyyətə həmin ərizəni göstərsinlər. Hətta bu məsələdə də saxtakarlıq edirlər”, – deyə N.Həzi bildirib.
“Baku City Hospital”da T.Yaqublunu müalicə edən həkim Adil Qeybulla Azadliq.info-ya siyasi fəalın durumu barədə açıqlama verib: “Aclıq aksiyasının artıq 14-cü gününə keçib. Kifayət qədər qəti aclıqdır. Heç bir qida qəbulundan söhbət gedə bilməz. Belə olan halda, bədənin resursları tədricən tükənir. Qlükoza tərkibli materialların resursu tükənir. Bundan sonra əzələlər işə qoşulur. Sürətlə arıqlama gedir. Burada ən böyük problem odur ki, bu yaşda insanda resurslar aşağı olur. Üstəlik, yanaşı xəstəliklərini də nəzərə almaq lazımdır. Ona görə də biz bir neçə dəfə həyati dəstək addımları atdıq. Tofiq bəy bu aclığı davam etdirməkdə israrlıdır. Onun həyatı üçün təhlükə qalır. Ona görə də bu prosesdə tibbi nəzarəti həyata keçirmək üçün Penitensiar Xidmətə, oradan çıxandan sonra dövlət başçısına müraciət elədim. Xahiş etdim ki, hər hansı mülki tibbi xəstəxanaya, mənim nəzarətim altına köçürsünlər. Bu da həyata keçdi. Sağ olsunlar. Tibbi nəzarət altındadır”.
T.Yaqublunun bu gündən sistemlərdən də imtinası məsələsinə münasibət bildirən həkimin sözlərinə görə, təcrübə göstərir ki, heç bir kənar qidalandırma ağız vasitəsilə qidalandırmanı əvəz edə bilməz: “Bu şəkildə davam eləsə, getdikcə onun həyatına daha çox təhlükə yaranmış olacaq”.
Aclığın hansı şəraitdə davam etməsinin məqsədəuyğunluğu haqda suala isə A.Qeybulla belə cavab verib: “Mən həm dostu, həm də həkim kimi aclığı dayandırmasını tövsiyə edirəm. Amma davam etdirməkdə israrlıdır. Belə olan halda, vəziyyət qəlizləşə bilər. Həll yolu tapılar hansısa… Tofiq bəyin özünə də izah olunub ki, bu aclıq onun səhhəti üçün nə dərəcədə təhlükəlidir. Yəqin ki, zaman hər şeyi öz yoluna qoyacaq”.
Azadliq.info