Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun “City Hospital”-da həkim nəzarəti ilə aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Bu barədə onun qızı Nigar Həzi məlumat verib:
“Qida tərkibi olmayan sistemlər köçürülür. Bu gün, sentyabrın 13-də ayağa durğuzub gəzdiriblər. Reanimasiyadadır. Dünən bu gün üçün palataya köçürüləcəyini desələr də, köçürməyiblər. Üstəlik ailəsi ilə də əlaqə saxlamasına da imkan vermirlər. Onun xəstəxanaya köçürülməsini facebook-dan oxumuşuq. Biz onun səsini eşitmək istəyirik. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Penitensiar Xidmətdən münasibət
Amma APA agentliyinin xəbərinə görə, Penitensiar Ximmət də Tofiq Yaqublunun saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülməsini təsdiqləyib. Xəbərə görə, qurumdan qeyd edilib ki, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, əvvəlcə istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub.
“Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”ına T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib ”xəbərə görə, Penitensiar Xidmətdən bildirilib.
Qurumdan vurğulamasına görə,T .Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb: “A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”, xəbərdə yazılıb.
Azadlıq radiosu