Nigar Həzi
3 sentyabr 2020-ci il
Bu tarix sadəcə təqvimdəki adi günlərdən biri deyildi dünən. Yaqublu ailəsi üçün tarixi gün idi. Məhkəmə önündə məhkəmənin başlamasını gözləyirdik.
Saat 11:15 olardı.
-Nigar xanım, məhkəmə başladı, gəlin!
İçimdə bir rahatlıq var idi. Nə hökm oxuyacaqları heç umrumda deyildi. Çünki xalq dövlət ittohamçısı Əsədulla Ramazanovu və Tofiq Yaqubluya şər atanlardan biri olan Cəvahir Cəbrayılovanı tanımışdı və haqq etdikləri cavabı vermişdi.
Əmin idim ki, hökm 4 ildən aşağı olmayacaq. Və budur! Hakim Nəriman Mehdiyev sifarişi elan etdi. 4 il 3 ay!
Hökm təxminimdə cəmi 3 ay yanılmışdı. Hökm elan olundə və hakimlə prokuror zaldan çıxdılar. Atayla biz heç nə olmamış kimi həbsxanadakı görüşlə bağlı danışdıq qısa.
Bu dəfə vəziyyət dəyişmişdi. Ənənəvi sovqat getməyəcəkdi.
“Ata, sən get bir az rahatlaş. Biz də bir azdan arxanca həbsxanaya gələcəyik”, deyib zaldan çıxdım.
Bibim (Rimma Yaqublu), Alya Yagublu və mən görüşə getdik. Bu dəfə sovqat torbalarımız çox az idi. Cəmi 3 torba. Onun da ikisində su vardı. Həyətə düşəndə dedim ki, belə həbsxanaya getməyə nə var ki. Cəmi 3 torba…
Həbsxana önündə gözlər bizə dikilmişdi. Hər kəs hökmdən sonra hansı əhval-ruhiyyədə olduğumuza fikir verirdi. Bizdə isə deyişiklik yox idi. Əvvəlki biz idik )))
Nəhayət görüş otağına gəldik. Şüşə arxasında atanın bizi gözlədiyini gördük.
- Salam, atacan.
- Ata, sənə qurban olsun. Sən olmasan mən necə olardım? Zarafatla “sən olmasan dünya, siyasət, iqtisadiyyat, məişət, həbsxana, ev çökər” ded.
Və bir anlıq baxışlarımız toqquşdu….
Mən xasiyyətcə ataya çox bənzəyirəm. Biz bir-birimizi çox gözəl başa düşürük. İkimiz də bilirik ki, bir-birimizdən ötrü canımızı “uf” demədən verərik. O baxışlar bizə nələr deyirdi o an, nələr….
O, mənə baxıb “həyatı həbsxanaya gəlmək keçir” deyirdi. Mənsə ona “həyatı həbsxanalarda keçdi”deyirdim…
Bu görüş əvvəlki görüşlərdən deyildi. İndi aclıq var idi.
Evdən gedəndə bizdə olanlar deyirdi ki, ataya de ki, aclığı dayandırsın. Amma bunu demək ağlımın ucundan belə keçmirdi. Yalnız bunları dedim:
Dirən, ATA! Döz, ATA!
Bu dəfə çox ağ elədilər. Səni azad etməyə məcbur qalacaqlar….
Məhkəmə önündə baş verənləri, dəstək olanları, cəmiyyətin ona olan dəstəyindən danışıb, deyib-gülüb sağollaşdıq.
Yolda gələndə məhkəmələr olan ərəfələrdə gördüyüm yuxu bir an gözümün önünə gəldi. Atanın sağında və solunda bir mülki geyimıi polis qoluna girərək güllələnmə hökmünü icra etmək üçün onu güllələməyə aparırdılar. Mənsə onların qabağını kəsib qışqırırdım.
“Qoymaram onu aparasınız. Məni öldürməmiş onu öldürə bilməzsiniz!”
2016-cı ilin mart ayının 17-si idi. Xeyli siyasi məhbus azadlığa çıxırdı. Bütün evlərdə sevinc vardı. Həsrətin sonu vardı.
Amma bizim evdə….
Bizim evdə göz yaşı vardı. Bizim evdə birimiz artıq yoxuydu. Ata indi gəlib birimizi evdə görməyəcəkdi. Gözü Nergizi axtaracaqdı. Bəs biz ona nə deyəcəkdik?
Gecə yarısı qapı döyüldü və ata içəri girdi. Evə girər-girməz Nərgizin rəfdə olan rəsminin yanına getdi. Rəsmi bağrına basıb anayla bir yerdə ağladılar…..
O gün isə heç vaxt yadımdan çıxmaz mənim.
İndi atanın düşünürəm. Bu dəfə o evə gələcəkmi? Əgər gələcəksə, necə gələcək?
Bu aclıq nə qədər sürəcək? Bir onu bilirəm ki, bu ev ikinci bir itkini qaldıra bilməz. Bizim evə bir dəfə cənazə gəlib. Bir daha gəlməsini istəmirəm. Bu qədər mücadilənin mülafatı bu ola bilməz. Bunun bir sonu olmalıdır. Bu qədər haqsızlıq olmaz! Bu qədər şərləmə olmaz! Bu qədər həbs olmaz!
Bu qədər yaşadıqlarımıza rəğmən mən bir şeyə çox əminəm və ümidliyəm.
BİZ QALİB GƏLƏCƏYİK!