Tofiq Yaqublunun həbsi ilə bağlı Milli Şuranın bəyanatı
Milli Şura Koordinasiya Mərkəzinin 5 ay əvvəl şərlənərək həbs edilən üzvü Tofiq Yaqublunun “məhkəməsi” nəhayət, başa çatdı. Tofiq bəy nahaqdan 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi. Milli Şura bu hökmü qətiyyətlə pisləyir, onun siyasi sifarişlə verildiyini və əsassız olduğunu bildirir.
Tofiq bəy üzərində qurulan “məhkəmə” hətta Əliyevlər dövrünün də ən rüsvayçı məhkəmə prosesi kimi tarixə düşəcək. Bu prosesdə hakim Nəriman Mehdiyev başda olmaqla məhkəmə heyəti əvvəldən axıra qədər ibtidai istintaqın sifarişlə uydurdiğu saxta ittihamı eyni saxtakarlıqla müdafiə etməklə məşğul oldu. Çünki istintaqa göstəriş verilən mərkəzdən məhkəməyə də oxşar göstəriş verilmişdi. Proses boyu müdafiə tərəfin vəsatətləri təmin olunmadı, Tofiq bəyin xeyrinə olan sübutlara baxılmadı, həttə Tofiq bəyin sərbəst ifadə verməsinə də şərait yaradılmadı.
Məhkəmə tamamilə saxta ittiham aktına və yalançı şahid ifadələrinə əsaslanıb, Tofiq bəy barəsində məlum hökmü verdi.
Milli Şura bəyan edir ki, Tofiq Yaqubluya çıxarılan hökmün arxasında şəxsən İlham Əliyev durur. Məhkəmə adına rüsvayçılıq olan bu məzhəkənin hakimi də, prokuroru da, yalançı şahidləri də İlham Əliyevin özü idi. Tofiq Yaqublu İlham Əliyevin müxalifətə qarşı 19 martdakı ilk nifrət çıxışından cəmi 3 gün sonra açıq-aşkar şərlənərək həbs edilib.
Tofiq Yaqublu həbs oluna biləcəyi barədə hələ ötən ilin oktyabrında hədələnmişdi. Milli Şuranın ötən il 19 oktyabrda təşkil etdiyi mitinqdə saxlanılaraq ağır işgəncə verilmiş Tofiq bəydən tələb olunmuşdu ki, Milli Şuradan istefa versin, AXCP sədri Əli Kərimli ilə yollarını ayırsın. Ona bu şərtləri qəbil etməyəcəyi halda həbs olunacağı deyilmişdi. Tofiq bəy hər cür real təhlükəni gözə alaraq, bu yaramaz şərtləri rədd etmişdi və məhz buna görə də bu gün 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi.
Tofiq Yaqublunun həbsi rəhbərliyində olduğu Milli Şuraya qarşı hakimiyyətin davamlı repressiyasının tərkib hissəsidir. İlham Əliyev hökuməti çalısır ki, ölkədə real müxalifəti sıradan çıxarsın. Milli Şuranın ozəyini təşkil edən AXCP-yə qarşı son iki aydakı divantutma əməliyyatı da (20 nəfərdən artıq funksionerinin cinayət işləri ilə, 40 nəfərdən çox funksionerinin inzibati qaydada həbsi) məhz bununla bağlıdır.
Milli Şura bütün təqib-təzyiqlərə, repressiyaya baxmayaraq, bundan sonra da gerçək müxalifət mövqeyindən çıxış edəcəyini, xalqın sözünü deməkdən geri çəkilməyəcəyini bəyan edir. Milli Şura bildirir ki, İlham Əliyevin ölkədə real müxalifəti sıradan çıxarıb, əbədi hakimiyyət planını həyata keçirmək istəyi boş xülyadan başqa bir şey deyil. Əvvəla, Milli Şuranın və AXCP-nin timsalında real müxalifəti sıradan çıxarmaq mümkün deyil, ikincisi də müasir təcrübələr təsdiq edir ki, hətta müxalif təşkilatlar və liderlər olmadan da narazı xalq təşkilatlanıb meydana çıxa bilər.
Azərbaycan iqtidarı zamanın nəbzini düzgün tutmağı bacarmalı, ətrafda baş verənlərdən doğru nəticələr çıxarmalı, ölkədə dinc demokratik dəyişikliklər istəyənlərə qarşı basqı və repressiyanın böyük ölçüdə faydasızlığını anlamalı və bu zorakı, xalqın qəzəbini artıran siyasətdən imtina etməlidir.
Milli Şura başda Tofiq Yaqublu olmaqla, bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir.
Milli Şura demokratik dünyanı Azərbaycandakı repressiv siyasətə daha ucadan etiraz etməyə, bunun qarşısını almaq üçün təsirli təzyiq vasitələrindən istifadəyə çağırır. Demokratik dünya Tofiq Yaqublunun qanunsuz həbsi ilə barışmamalı, onun və başqa siyasi məhbusların ən qısa zamanda azad edilməsi üçün ciddi hərəkətə keçməlidir.
Milli Şura Azərbaycan xalqına da çağırış edir ki, Tofiq Yaqublunun həbsinə, eləcə də 200-dək siyasi məhbusun həbsdə saxlanmasına hər gün daha ucadan və mütəşəkkil qaydada etirazını bildirsin. İndi hər bir vicdanlı azərbaycanlı bu fədakar insanların talətindən narahatlığını bildirməli, onlara azadlıq tələb etməli, demokratiya uğrunda fəal mübarizəyə qoşulmaqla onların yerinin boş qalmadığı mesajını verməlidir.