Rüfət Səfərov
Belə bir mühitdə hələ də nikbin davranış sərgiləyənləri anlaya bilmirəm.
Niyə?
Mətləbə keçməzdən öncə şəxsi təcrübəmdən bir hissəni qeyd edim:
Demək, məhbəsdə növbəti karslardan biri idi, ağır işgəncəyə məruz qalmışdım. Aliləm, müdafiəçim, Hüquqlarımın Müdafiə Komitəsinin üzvləri, azad media həyacan siqnalı çaldıqdan, 10-larla zəng etdikdən sonra Ombudsman Aparatının nümayəndələri mənə baş çəkibmiş. Dəqiq xatırlayıram, heyətin tərkibində həkim də vardı. Müayinə etdi, bədənimdəki işgəncə izlərini görüb, başını sağa-sola hərlədi, yazdı-pozdu. Xeyli suallar oldu, birtəhər cavablandırım, getdiər.
Soruşuram, bədənimin müxtəlif nahiyələrindəki aşkar işgəncə izlərini müəyyən edən Ombudsman Aparatının əməkdaşları sonradan bu barədə cəmiyyətə, mediaya bir məlumat verdimi, açıq hesabat təqdim etdimi?
Xeyr.
Təbii, bu kimi acı təcrübələrin sayı-hesabı yoxdur, sadəcə, mən öz başıma gələnləri dəqiq surətdə ifadə etdim.
Gəlirəm mətləbə:
18 gündür ki, qondarma motivlərlə həbsdə saxlanılan müxalifətçilərin, o sıradan, barəsində narahatedici məlumatlar daxil olan Fuad Qəhrəmanlının müdafiəçi və ya ailə üzvləri ilə görüşünə imkan verilmir. Belə bir durumda sosial mediada yayılır ki, iraq olsun, Fuad Qəhrəmanlı öldürülüb. Ciddiyyətinə qətiyyən şübhə etmədiyim dostlar da Fuad bəyn ağır işgəncələr altında olduğunu yayırlar. Heç şübhəsiz, köhnə əlaqələrimi bərpa edib, dəqiqləşdirmələr aparmaq istəyirəm, inandırırlar ki, Fuad bəy ağır işgəncələrə məruz qalıb. Eyni zamanda, Seymur Əhmədzadənin məruz qaldığı işgəncənin təfərrüatları “Müdafiə Xətti”nə daxil olur. Belədə təcili olaraq “SOS!” siqnalı veririk. Sosial mediada kütləvi surətdə paylaşımlar, çağırışlar, tələblər olur. Bundan sonra Ombudsman aparatı hərəkətə (hər halda bənzətmə və ya müqayisə bildirən modal sözü yazmıram…) keçir.
Ombudsman Aparatı vəkilin Fuad bəyin yanına buraxılmasına şərait yaradacağına dair vəd versə də, əvəzində həm Qəhrəmanlı, həm də Əhmədzadə ilə özü görüşür və bəyanat verir ki, işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış iddiaları yanlışdır. Eləsdirsə, müdafiəçini özünüzlə barəbər aparmağınıza nə mane olurdu, xanım Ombudsman?
Mümkün işgəncə izlərinin tamamilə yox olmasını gözləyək?
Sanki Ombudsman hakimiyyətin əlində repressiv vasitə olan hüquq mühafizə orqanlarının üslubunu təqlid edir. Rəsmi mətnləri diqqətlə nəzərdən keçirsək, görərik ki, eynidir, uzağı mübtəda ilə xəbərin yerləri dəyişdirilib.
Nə zaman hansı siyasi məhbusa verilmiş işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış əvvəlki və indiki Ombudsmanın nitqlərində və yazılarında öz əksini tapdı ki, biz onlara etibar edək, inananaq, bel bağlayaq?
Hörmətli Elmira Süleymanovanın xələfi, hörmətli Səbinə Əliyeva, icazə verin, Sizin və əməkdaşlarınınzın bu istiqamətdəki fəaliyyətlərinə, açıqlamalarına, bəyanatlarına sonadək inanmayaq. Çünki öz təcübəmdən göstərdiyim kimi, əməkdaşlarınız “Kars”ın kamerasında ağır vəziyyətimi təsbit etsələr də bu barədə hər hansı rəsmi mövqe ortaya qoyulmamış, cəmiyyətə hesabat verilməmişdir.
Məxləs, tam aydınlıqçün adi hüququ, müdafiəçinin müvəkkili ilə birbaşa ünsiyyət qurmaq hüququnu təmin edin və ya buna şərait yaradılmasına yardımçı olun.
Fuad Qəhrəmanlının qardaşının “Amerikanın səsi”nə verdiyi müsahibədən aydın oldu ki, Fuad bəyə təxminən 1 dəqiqə ərzində telefonla danışıb, sağ olduğunu bildirməyə imkan veriblər.
Həbsdə olan digər cəbhəçilərin isə “salam, mən yaxşıyam” məzmununda əvvəlcədən səslərini yazıblar, bir qadın vasitəsilə yaxınlarına zəng elətdirib, həmin səsi dinlətdiriblər.
Bu hakimiyyətin hüquq siyasəti antiinsanidir.