Şəhla Hümbətova
Görünən budur ki, böhran vəziyyətlərdə hakimiyyətin ilk düşündüyü məsələ böhranın idarə edilməsi yox, siyasi opponentləri əzmək və müxalif fikirli insanlara qarşı repressiyaları gücləndirməkdir. 2020-ci ilin iki ən mühüm hadisəsi- COVİD-19 pandemiyası və Tovuzda baş verən hərbi gərginlik milli birlik və barış yaradılması üçün zəmin və fürsət olduğu halda hər ikisi düşmənçilik və müxalifətlə mübarizənin gücləndirilməsi üçün istifadə olundu.
Tovuz rayonunda Ermənistanın növbəti hücümu baş verən kimi müxalifət liderləri bayan etdilər ki, belə həssas məqamda daxili mübarizəni dayandırıb, siyasi mövgeyindən asılı olmayaraq hamını düşmənə qarşı birləşməyə çağırıırq, dövlətin yanındayıq. Cavab nə oldu? 14 iyuldan bəri 23 AXCP üzvü saxlanılıb, bir neçəsi azad edilsə də, əksəriyyəti barəsində həbs qətimkan tədbiri seçilib, 5 nəfər ağır cinayət törətməkdə ittiham olunur (bu rəqəmlər sürətlə artır, bəlkə də indi daha çoxdur).
Yayılan məlumata görə, vəkilləri onların yanına buraxılmır, vəkillə görüşə imkan verilməməsi isə istintaq altında olan şəxslərin pis rəftara məruz qalması barədə şübhə yaradır. Həbs edilmiş şəxslər ilk gündən müdafiə hüququndan məhrum ediliblərsə , onların işinin ədalətli araşdırılmasına ümid edəcək qədər sadəlöf deyilik. Hüquqda təqsiriszlik prezumpsiyası deyilən bir şey də var deyirlər amma biz onu buralarda hələ görməmişik. İbtidai istintaq yeni başlayıb, Prezident isə çıxışında deyir ki, “çirkin ünsürlər- AXCP üzvləri iğtişaş yaratmağa çalışdılar, parlament binasına soxuldular, orada dağıntılar yaratdılar… hamısı cəzasını almalıdır!” Ölkədə hüquq mühafizə orqanlarının necə və hansı qaydalarla işləməsini nəzərə alsaq, bu çıxış birbaşa göstərişdir. Deyilir ki, görüntülər var- əla! birincisi varsa ictimailəşdirin, hamı görsün, bəlkə elə siz deyəndi, ikincisi, hətta varsa- sübütlara qiyməti və şəxsin təqsirli olub olmaması barədə qərarı məhkəmə verir, ondan öncə isə hər kəs təqsirisz hesab olunur. Amma nifrət olan yerdə hüquqa yer yoxdur. On minlərlə insanın vətənpərvərlik şuarları altında birləşərək türklər demiş qırx ilin başı bir dəfə həmrəy olmasından bu həssas məqamda öz maraqları üçün istifadə edilməsi nə deməkdir və bizi haralara aparıb çıxaracaq- bu sual artıq hər kəsi düşündürməlidir.