MTN-in Dövlət Departamentini təkzib edən bəyanatına bir şərh
ABŞ və Britaniya səfirlikləri Azərbaycanla bağlı şok bəyanatla çıxış edib. Hər iki sənəddə Azərbaycanda adıçəkilən dövlətlərin maraqlarının təhlükədə olduğuna dair xəbərdarlıqlar yer alıb. Qərbin iki nəhəng dövləti Azərbaycanda yaşayan və işləyən vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Sənəddə eyni zamanda, təhlükənin növü kimi terror hadisələri göstərilsə də, mənbə barədə heç bir qeyd yoxdur.
Təhlükə mənbəyinin Iran ola biləcəyi barədə fikirlər səslənsə də, daha çox diqqəti Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bəyanatı cəlb edib. Azərbaycanda bu məsələlərə yetkili olan qurumun bəyanatında ABŞ və Britaniyadakı həmkarların məlumatlarını təkzib edən notlar diqqəti cəlb edir. Görünür ki, ABŞ və Azərbaycan hakimiyyətləri arasındakı siyasi anlaşılmazlıq birbaşa bu ölkələrin təhlükəsizlik orqanları arasındakı rabitənin sınmasına da səbəb olub.
MTN ABŞ və Britaniya hökumətlərinin bəyanatına “Əməliyyat şəraiti nəzarətdədir” kimi reaksiya verib. Bu, “heç bir təhlükə gözlənilmir” kimi də tərcümə oluna bilər. Fəqət, Azərbaycan hakimiyyətinin bu bəyanatı həssaslıqla verdiyi də sezilməkdədir.
Təhlükə haradandır?
ABŞ son günlər ərəb dünyasındakı demokratik dəyişikliklərdə aktiv rol oynayan dövlət kimi, öz maraqlarına qarşı məhz Azərbaycanda təhlükə hiss edir. Maraqlıdır, bu məlumatlar niyə bizim xüsusi xidmət orqanlarımızda yoxdur? Mümkün variantlardan biri budur ki, belə bir məlumat var, amma hakimiyyətin siyasi maraqlarına zidd olduğu üçün ictimailəşdirilmir. Amma o da ola bilər ki, Azərbaycanın aidiyyəti qurumları sözügedən təhlükəni aydınlaşdıracaq dərəcədə həssaslıqla işləmirlər. Başqa bir versiya isə bundan ibarətdir ki, Azərbaycanda ABŞ-ın maraqlarının təhlükə altına düşməsi rəsmi Bakının istəkləri daxilindədir. Elə buna görə də Azərbaycan hökuməti siyasi qərarla bu cür diplomatik təkzibə əl atıb.
ABŞ-la əməkdaşlıq bitibmi?
Bu qarşılıqlı informasiya cəbhələşməsinin başqa bir maraqlı məqamı da ortaya çıxıb. ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş xəbərdarlıq xarakterli bəyanatda qeyd olunur ki, neftlə zəngin Bakıda terror təhlükəsi var. Bu məlumat eyni zamanda, rəsmi Bakını narahat etməlidir. Amma bu narahatlıq sezilmir. Belə vəziyyəti iki cür şərh etmək mümkündür. Birincisi, bu təhlükənin doğuracağı praktik nəticə Azərbaycan hakimiyyətinin maraqlarına uyğundur. Yəni, siyasi hakimiyyət bu və ya başqa formada Qərb dövlətlərini şantaj etməyə əl ata bilər. Bu versiya tam inandırıcı olmasa da, özü üçün müəyyən işləklik meydanı verir. Başqa sözlə, Azərbaycandakı hazırkı rejim hakimiyyətdə qalmaq üçün burada Qərbin iqtisadi maraqlarını hədəfə ala bilər. Ikinci məqam isə odur ki, Azərbaycan və ABŞ xüsusi xidmət orqanları hətta neft maraqları ətrafında da, səmərəli və koordinasiya olunmuş əməkdaşlıq etmirlər. Eyni məsələ ilə bağlı iki fərqli mövqenin ortaya çıxması aydın göstərir ki, sözügedən qurumlar arasında informasiyaları dəqiqləşdirmək səviyyəsində belə, pozitiv münasibətlər yoxdur. Bu isə Qərblə, xüsusilə ABŞ-la Azərbaycan hökuməti arasında sonuncu körpülərin yanmasına işarədir.
Seymur Həzi