AXCP sədrinin müavini Seymur Həzi
ReAl sədri İlqar Məmmədovun AXCP sədri Əli Kərimli haqqında yazdıqlarına qısa münasibət bildirmək istəyirəm.
- AŞPA, ABŞ Helsinki Kommissiyası kimi mötəbər qurumların da Əli Kərimlinin internetinin olmamasına dair bəyanatından sonra admin heyətinin paylaşımına görə Əli Kərimlini birbaşa hədəfə almaq siyasətçinin özünün mötəbər elan etdiyi mənbələrə (AŞPA) hörmətsizliyindən başqa həm də şəxsin vicdan məsələsidir.
- “AXCP-YAP cütlüyü” ifadəsini işlədərkən unudur ki, az öncə bizi hakimiyyətlə dialoqa getməmkdə ittiham edir, bunun nəticəsində həbs olunacağımızla hədələyirdi. Özü isə haqqında Ali Məhkəmənin verdiyi bəraət qərarını hakimiyyətlə apardığı dialoqun nəticəsi kimi elan etmişdi. Məncə, YAPla kimin cüt və cütlük olduğunu İlqar Məmmədov yaxşı bilir və özü də bunu ifadə edib.
- Bildirir ki, necə olur olsun növbəti seçkiyə kimi sağ qalacaq. Amma nədənsə bunun üçün AXCP-yə, Əli Kərimliyə hücum taktikası seçib. Təcrübə göstərir ki, bu yolu tutmaqla sağ qalmaq mümkün olub. Çünki, hakimiyyət “İlham Əliyev pisdir, Əli Kərimli ondan da pisdir” tezisinə nəinki dözümlü yanaşır, hətta bu tezsinin yaşamasına maliyyə dəstəyi də verir.
- Bütün sivil dünyanın- ABŞ, AŞPA, AB mötəbər tribunalarından Əli Kərimlinin kritik vəziyyətinə dair narahatlıq bəyanatları gələrkən İlqar Məmmədovun israrla adını çəkmək istəmədiyim hökumət nümayəndələri kimi birbaşa və dolayı yolla bu vəziyyəti təkzib etməsi ( Əli Kərimlinin paylaşım etdiyini yazmaqla) onun artıq bu sərt qütbləşmədə ya könüllü ya da “sağ qalmaq naminə” qarşı tərəfdə yer aldığını göstərir.
Uzun illər həbsdə olmuş biri kimi İlqar bəyin hökumətin ona çəkdirdiyi əziyyətlərdən sonra bu mövqeni tutması məni son dərəcə məyus edir. İnanmaq istərdim ki, o üzdə bizi bu cür hakimiyyətin dili ilə “ifşa” etsə də ürəyində hakimiyyətin ona və xalqımıza etdiklərini bağışlamır.