ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli koronavirusla bağlı özünün feysbuk səhifəsində daha bir maraqlı material paylaşıb.
“Cum rex finisset oracula judiciorum / Mors nigra surrexit, et gentes reddidit illi” Bu sətirlər Belçikalı astronom Simon de Covinonun bir şerindəndir. Bu şerdə ilk dəfə taun epidemiyası haqqında Qara Ölüm terminini işlədir və epidemiyanı Yupiterlə Saturnun müəyyən bucaq altında görünməsi ilə əlaqələndirir (indi də belə deyən astroloqlar var – astronom olsaydılar heç olmasa). Yəni ki, kral “oracles of judgement”ə son qoyanda Qara ölüm baş qaldırdı və bütün millətlər ona təslim oldu. (Oracles of Judgement tərcüməsini bilmirəm, deyəsən peyğəmbərlərin İsrailoğullarının hansısa ilahi əmrlərə tabe olmadıqlarına qərar verməsinə işarə olunur).
1330-cü illərdə Mərkəzi Asiyadan yayılan xəstəlik siçanlar vasitəsilə tezliklə Şəqrdə Çinə, Hindistana, Qərbdə isə Krıma, İstanbula və İtaliyaya gəlir. Deyəsən, karantin sözü o vaxtdan yaranıb – Genuyaya yanaşan gəmilərə 40 gün limana gəlməmə əmri verilir. 1340-cı illərdə epidemiya Avropanın əhalisinin azı üçdə birinin ölməsinə səbəb olur. Eyni vəziyyət Orta Asiya və Yaxın Şərqdə olur – Avrasiyada ümumən 75-10 milyon adam ölür. Tomas Maltus deyir ki, əhalinin kəskin artması qıda və torpaqların azalmasına gətirib çıxardacaq və sonra əhali kəskin azalacaq ki, yenidən hamıya qida və torpaq çatsın (Maltus tələsi). Deyəsən bunu deyən konspiroloqlar da Maltusdan öyrənib. Düzdür sonralar sənayeləşmə və məhsuldarlığın artması bu anlayışı inkar edir və bunu təsdiq edən çoxlu araşdırmalar var. Düzdü nə qədər əksini sübut etsən də konspiroloqların “innovasiyası” qarşısında heç nə dayana bilmir. Hələ 2008-də Amerikanın maliyyə böhranını özü çıxardığını deyənlərlə mübahisəmiz təzəcə bitmişdi ki, indi də bu başladı. Nəysə sözümün canı bu deyil. Bu epidemiyanın Avropada iqtisadi təsirlərindən yazmaq istədim.
Əvvəllər torpaq sahibi olmaq böyük var dövlət və güc demək idisə, epidemiya nəticəsində əhalinin qırılması çoxlu boş torpaqlar yaradır. Əl əməyi və iş gücü daha vacib və bahalı hala gəlir. Real gəlirlər artır və təhkimçilər öz haqqlarını daha yaxşı tələb edə bilirlər. Bundan sonra artıq torpaqdan daha yaxşı istifadə edib onu işlədə bilən, məhsuldarlığı artıra bilən, sənayeləşməni bacaran (tekstil və toxuculuqda əsasən) biznesmenlər daha çox güc sahibi olmağa başladılar. Feodallar güclərini itirirlər. Getdikcə lordlardan ayrı orta və varlı təbəqə yaranır və xüsusən İngiltərə kimi parlamentli monarxiyanın yaranmasına qədər davam edir bu proses.
Krallar üçün isə borclanma faizləri azalır – ola bilsin orta sinifin varlanıb krallara əlavə vəsait verə bilməsi ilə əlaqəlidir. Bu dövrlərdə monarxiya ilə Kilsə arasında əlaqələr dəyişir və monarxiya kilsədən asılılığı azalda bilir. Milli mənsubiyyəti önə çəkən proteksionist dövlətlər ortaya çıxır. Eyni zamanda protestan biznes əxlaqı anlayışını gətirən Kalvinizm cərəyanı başlayır. Düzdür bunların hamısının birbaşa Qara Ölümlə əlaqəli olub olmadığını demək çətindir. Həm də kitab çapı və barıt kimi yeni ixtiralar olur və bu həm yeni cərəyanların geniş kütlələrə yayılmasına, həm də müharibələrdə güc bərabərsizliyini yaradır. Amma bir həqiqət var ki, Qərbi Avropada feodalizm demək olar ki, sona çatır və Florensiya əhalisinin böyük hissəsini itirsə də, bəlkə də İtaliyada Renesansın başlanmasına kömək edir.
İndi koronavirusun hansı təsirlərinin ortaya çıxacağını demək çətindir. Ola bilsin, Soyuq Savaş və Terrorizmlə mübarizə dövrlərindən sonra yeni bir mərhələyə keçəcəyik. Qlobal iqtisadiyyatda risklərin idarə olunması prioritet olacaq, dünya istehsal şəbəkəsində və qlobal tədarük zəncirində mənfəət və yüksək səmərə ilə bərabər risklərinin idarə olunmasına yanaşma dəyişəcək. Dövlətin nəzarətinə göz yumanlar artacaq, əsas da texnoloji kəşfiyyat məsələsində innovasiyalar daha da artacaq. Ölkələri bir-birinə bağlayan texnoloji əməkdaşlıq və kəşfiyyatda, əlaqəli sahələrdə beynəlxalq data və standardların qorunmasında prioritetlər dəyişəcək. İctimai səhiyyədə risklərin və xərclərin idarə olunmasında prioritetlər dəyişəcək, innovasiyalar artacaq. Demoqrafik strukturda və yaşlıların sosial təminatında dəyişikliklər olacaq. Maliyyə sahəsində indiki mərhələdə faizlərin azalması olsa da gələcəkdə inflyasiya təhlükəsinin necə idarə olunması vacib məsələ olacaq. Büdcə siyasəti ilə monetar siyasətin koordinasiyası, stakeholder kapitalizminin güclənməsi və dövlətlə daha yaxından əməkdaşlıq etməsi artacaq. Dövlətlərarası maliyyə hərəkətlərində dollara olan tələbi qarşılayacaq və banklararası bazarlardaki vəziyyəti radikal dəyişəcək tədbirlər görülə bilər. Dijital dollar anlayışı daha da güclənəcək (stimul paketində bu barədə layihə var idi, son varianta daxil edilmədi).
Bunlar da olmasa, ümid edirəm, populist və anti-intellektual siyasətçilərə yox, cəmiyyətdə alimlərə və onların sözünə qulaq verən siyasətçilərə rəğbət artacaq. Bundan pis nə ola bilər? Heç nə dəyişməsin və yeni bir böhrana qədər dünya yenə vaxt itirsin. Vaxtın nə qədər qiymətli olduğunu isə epidemiyaya qarşı biraz vaxt qazanmaq üçün hamını karantinaya saldığımız bu günlərdə yaxşı gördük.