Milli Şuranın sədri Cəmil Həsənli
Kiminsə bir manat, beş, on, yüz, min manat və ya əmək haqqın (hətta illik olsa belə) coronavirus fonduna keçirməklə bu iş düzələsi deyil. Toplanan vəsait xalqın minumum ehtiyacının cüzi bir hissəsini qarşılaya bilər. Olsun! Bunu da etmək lazımdır. Amma milli fəlakətdən qurtuluşun yolu hakim elitanın bu məmləktətdən çaldığı, mənimsədiyi, min bir əyri yollarla xarici ofşor hesablara yatırdığı milyardları ölkəyə qaytarmaqdan keçir. İlk addım olaraq bütün sənəd-sübutu ortada olan Azerbaijani Laundromatdan (Azərbaycan Çamaşırxanasından) başlamaq lazımdır.
3 milyard dollar vəsaitdir. Bu ağır gündə millətin ehtiyaclarının xeyli hissəsini qarşılaya bilər. Çünki Azerbaijan Laundromatı ilə bağlı bütün faktlar ortadadır. Göndərən nazirliklər, şirkətlər, təşkilatlar bəlli, bu para qaçaqmalçılığını tarnsfer edən bankların adı bəlli, qəbzləri ortada, Londonda bu oğurluq pulları alan şirkətlərin adları bəlli. Həmin şirkətlərin heç kimlərəsə məxsus olması da vacib deyil, vacib olanı əyri, natəmiz, gizlin yollarla ölkədən çıxarılmış vəsaitlərin ölkəyə qaytarılması və global biloji təhlükə qarşısında dayanmış millətin ümdə ehtiyacların qarşılamaq, mövcudluğunu xilas etməyə yönəldilməsidir. Cənab Əliyev ölkənin prezidenti və ali baş komandanıdır. Bilavasitə ona tabe olan güc nazirlikləri də qeyd edilən ofşor hesablara gizlin vəsaitlər keçiriblər. Xəbərim yoxdur deyə bilməz. İndi həmin pulların ölkəyə qaytarılmasına yalnız o, sərəncam verə bilər.
Sosial ehtiyaclar içərisində boğulan adamlardan inzibati yollarla 5-10 manat yığılmaqla bu iş düzələn deyil. Onsuz da bunu gətirməlisiniz, vaxtı uzatmaq böyük itkilərə səbəb ola bilər. Xaricdə milyardları olan nazirlər, idarə rəisləri maska tapa bilməyən əhalinin qarşısına ən müasir, çoxprofilli maskalarla çıxırırlar. Halbuki əhalini qorumaq bilavasitə onların vəzifə borcudur. Aşağıda gördüyünüz bu foto global bioloji böhranın haqladığı ölkədə hakimiyyət və vətandaş münasibətlərinin acınacaqlı mənzərəsidir. Çox məyusedici mənzərədir. Sual edirəm bu maskalardan görüşünə gəldiyiniz, xalqda, əhalidə, millətdə niyə yoxdur? Bəlkə var, sizdən həya edib ciblərinə qoyublar. Və ya siz millətdən həya edib bu maskaları taxmısınız. Bu acınacaqlı mənzərə İlham Əliyevin ölkədə yaratdığı idarəçilik üsulunun aydın bir təzahürüdür.