AXCP sədri Əli Kərimli
Özəl sektorda çalışanlar da əmək haqları saxlanılmaqla məzuniyyətə buraxılmalıdır. Hökumət xalqa nağd pul yardımı etməlidir. Kredit faizləri dayandırılmalı, ödənilməsinə möhlət verilməlidir.
Koronavirusun daha geniş yayılmaması üçün insanların özlərini evlərində təcrid etməsinə şərait yaradılmalıdır. Hazırda ictimai nəqliyyat, iş və istənilən kütləvi ünsiyyət yerləri təhlükəlidir və virusun daha geniş yayılmasına şərait yarada bilər. Əmək haqqı saxlanılmaqla bəzi dövlət qurumlarında işin dayandırılması düzgündür. Ancaq kifayət deyil. Əmək müqaviəsi ilə işləyən 1.6 milyon nəfərin 700 min nəfərdən artığı özəl sektorda işləyir. Əlavə 3 milyon nəfərdən artıq insan da birtəhər özü-özünü dolandırır. Bu insanların da (kənd təsəsrrüfatında çalışanlar xaric) çörək qazanmaq üçün hər gün işə getməsinin və ya iş axtarmasının qarşısı alınmalıdır. Özəl sektorda iş dayansa da, dövlətin edəcəyi yardımlar hesabına əmək haqqı saxlanmalıdır. Ancaq bir daha vurğulayaq ki, əhalinin üçdə ikisinin əmək müqaviləsi ilə daimi işi yoxdur.
Hazırkı şəraitdə əhalinin sosial çətinliyini azaltmaq üçün sahibkarlığın dəstəklənməsilə yanaşı xalqa birbaşa nağd pul verilməlidir. İki gün öncə yazdığım təklifi bir daha təkrarlayıram:
“İlkin sosial müdafiə tədbiri olaraq təklif edirəm ki, hökumət təcili qaydada aylıq gəliri 750 manatdan (təqribən orta aylıq əmək haqqı) az olan hər bir şəxsə 300 manat miqdarında birdəfəlik yardım etsin. Xatırladım ki, ABŞ kimi xalqın yüksək əmək haqqı aldığı ölkədə adambaşına min dollardan yardım ediləcək. 51 milyard dollar rezervi olan dövlətimiz vətəndaşlarına təqribən bir milyard dollar miqdarında (1,7 milyard manat) nağd yardım etsə, dünya dağılmaz, ancaq vətəndaşlarımızın sosial çətinliyi bir az azalar.”
Aydın məsələdir ki, koronavirusun yayılması bütün dünya üçün iqtisadi çətinliklər yaradacaq. Dövlət rezervlərini hər yerdə azaldacaq. Ancaq unutmayaq ki, nəinki dövlətin valyuta rezervləri, hətta dövlətin özü də vətəndaş üçün, onun qorunması və rifahı üçündür. Hazırda bizim ölkə üçün də əsas prioritet dövlət valyuta rezervlərinin məsələn, 51, yoxsa 48 milyard olması yox, daha az itki ilə və sosial çətinlikləri daha da kəskinləşdirmədən koronavirus böhranından çıxmaq olmalıdr.