Yaxud, tənəzzüldən “konfet” düzəldən prezident
9 fevral rüsvayçılığından sonra Azərbaycan xalqı və dünya ictimaiyyəti bir daha əmin oldu ki, Əliyev hakimiyyətinin islahat aparmaq, xalqın seçiminə hörmət etmək, keçmiş neqativlərlə vidalaşmaq iradəsi və istəyi yoxdu. Bu saxtakarlıq bolluğunda keçən seçkilərə Konstitusiya Məhkəməsi də haqq qazandırdı, gözdən pərdə asmaq üçün 4 dairənin nəticələri ləğv edildi və
“yeni parlament” öz işinə başladı. Ölkə başçısı İlham Əliyev isə heç bir kompleks keçirmədən Milli Məclisin ilk iclasında iştirak etdi və ənənəvi “qafıyə” ilə geniş nitq söylədi
Növbədənkənar utanmazlığın immuniteti
Əminliklə demək olar ki, Azərbaycan tarixində heç bir seçki prosesi 9 fevral qədər ifşa olunmamışdı. Seçkiyə xeyli müstəqil namizəd qoşulmuşdu və hər bir namizəd müasir telefonlarla silahlanaraq, seçki saxtakarlığını dünyaya nümayiş etdirdi. Əliyevin deputatlarının bölgələrdən qovulması, ölmüş adamların seçkidə iştirakı, topa bülletenlər, “karusel”lər, komissiya sədrlərinin
saxtakarlıq fəndləri ölkənin əsas gündəminə çevrildi. 9 fevral seçkiləri o qədər çılpaq şəkildə saxtalaşdırıldı ki, heç vaxt siyasətə qarışmayan, hakimiyyətə loyal münasibət bəsləyən aparıcılar, aktyorlar, müğənnilər də biganə qala bilmədilər. Bəli, müxtəlif sahələrin təmsilçiləri bu biabırçılığa münasibət bildirmək məcburiyyətində qaldılar. Ən əsası isə seçkidən öncə Milli Şura siyahı
yaydı və kimlərin deputat təyin olunacağı bu siyahıda qeyd olundu. Bu miqyasda ifşadan sonra özünə zərrə qədər hörmət edən hakimiyyət seçkinin nəticələrin ləğv etməli, saxtakarlıq faktlarına görə xalqdan üzr istəməli, məsul şəxsləri cəzalandırmalıydı. Yəni, heç olmasa imitasiya edilməliydi. Amma Əliyev bütün bunlara ehtiyac görmədi, xalqda ikrah doğuran simaları xalqın vəkili kimi parlamentə saldı. Daha doğrusu özünə 125 vəkil təyin etdi. Və bütün bunlardan sonra
geniş nitq söyləyərək, yenilənmiş parlamentdən, xalqın iradəsindən, seçicilərin YAP-a etimad göstərməsindən, şəffaflıqdan danışdı. Hamı qatığın ağ rəngdə olduğunu bilsə də, Əliyev böyük
şövqlə qatığın qara rəngli nemət olduğuna inandırmağa çalışdı. Bir daha aydın oldu ki, Əliyevin növbədənkənar utanmazlığa, növbədənkənar rəzalətə immuniteti
yaranıb.
Əliyev hansı 5-ci kolondan danışır?
Həmişə olduğu kimi bu dəfə də Əliyev “5-ci kolon” un fəaliyyətindən, bu qüvvənin inkişafımıza kölgə salmasından danışdı. Əvvəla qeyd edək ki, bir ölkədə YAP kimi hakimiyyət varsa, həmin ölkəyə “5-ci kolon” yerləşdirməyə ehtiyac yoxdur. Çünki heç bir düşmən Azərbaycana YAP hakimiyyəti qədər zərbə vura bilməz. Bu hakimiyyətin təhsilə, səhiyyəyə, iqtisadiyyata, hüquq sisteminə, elmə, vətəndaşa vurduğu zərbəni, heç bir düşmən bacarmazdı.
Digər tərəfdən “5-ci kolon” adlandırılan adamlar İlham Əliyevin ətrafında dövrə vuranlardı. Putindən “Dostluq” ordeni alanları, “Rusiya ordusu Azərbaycana gəlməlidir” deyənləri, Sovet dövrünün xiffətin çəkənləri kim deputat təyin edib? Primakovun şəninə tərif söyləyən, şənlik təşkil edən Sahibə Qafarovanı kim spiker təyin etdi? Azərbaycanın dövlət maraqların Rusiyaya güzəştə
gedən kimdir? Prezident seçkilərində himayə üçün Rusiyaya milyardları kim ərməğan edib? Demək istəyirik ki, bu ölkəni qumara qoyan, başqa dövlətin kolonu kimi fəaliyyət göstərən, dövlətin təməllərini sarsıdan adamlar, İlham Əliyevin “taclandırdığı” adamlardı.
Ziddiyyətlərdən çələng düzəldən adam
Əliyevin deputatlar qarşısındakı çıxışı özünütəkziblərdən, ziddiyyətlərdən, komik məqamlardan ibarət idi. Məsələn, deyir ki, əvvəlki parlament yüksək səviyyədə fəaliyyət göstərirdi, nümunəvi xidmət edirdilər və onlara təşəkkür edirəm. Əgər əvvəlki deputatlar nümunəvidirsə, növbədənkənar seçkilərə nə ehtiyac var idi? Yaxud, əvvəlkilər pis işləyirdisə, həmin şəxslərin əksəriyyəti niyə yenidən parlamentə düşdü?
Daha sonra bildirir ki, köhnə məmurlar inkişafa əngəl törədirdi, icra başçıları rüşvətlə məşğul olurdu və s.
Bu adamları kim vəzifəyə təyin edib, dünənə qədər bu adamların rüşvətxor olduğu bilinmirdi?
İllərdi mətbuatda, sosial şəbəkələrdə bu adamların var-dövlətinin siyahısı dərc olunur. İlham Əliyev bunlardan xəbərsiz olub? Hər dəfə AXC hakimiyyətini yarıtmaz kadrlara görə ittiham edən Əliyev, öz təyin etdiyi kadrlara görə məsuliyyət daşımırmı? Niyə bu çirkaba batmış vəzifəlilərə
görə xalqdan üzr istəmir? Eldar Mahmudov, Fazil Məmmədov, Akif Çovdarov, “vurulan” icra başçıları İlham Əliyevin “bəh-bəhlə” başımıza çıxardığı adamlar deyilmi? 2.6 milyon manatlıq saatı
oğurlanan gənc Rövnəqin oğlu deyil? 800 min dollara diş düzəltdirən Yaqub Eyyubov deyil? Elə bir nazir varmı ki, Avropada şirkət qurmamış olsun? Vəzifədə olanlar, vəzifədən vurulanlardan daha az çirkaba batıblar?
Əliyevin özünüifşası bunula da bitmir. Nitqində ATƏT-in Varşava Bürosunun seçkilərə balanslı qiymət verdiyini bildirir, ardınca da bu qurumun şər-böhtan yaydığını, Azərbaycana ikilistandartlardan yanaşdığını deyir. Daha sonra AB-ni seçkini müşahidə etmək üçün dəvət
etmədiklərini qeyd edir və bunun səbəbini həmin quruma inanmamaqla izah edir. Amma bir qədər keçdikdən sonra AB ilə strateji əməkdaşlıqda maraqlı olduqlarını, müəyyən sazişlər imzaladıqlarını bildirir. Yaxud, bir tərəfdən yoxsulluğun ən aşağı həddə düşdüyünü, digər tərəfdən
isə sosial müavinət alanların sayının artacağını bildirir. Yoxsuluq səviyyəsi minimuma enibsə, sosial yardım alanların sayı necə arta bilər?
Göründüyü kimi İlham Əliyev ziddiyyətlərdən çələng düzəldir və səsləndirdiyi fikirlərin məsuliyyətin dərk etmir.
Məğlubiyyətin qələbə bayrağı
İlham Əliyev məlum çıxışında Qarabağ məsələsinə toxunub, gənclərin vətənpərvərliyindən
danışıb. Yəni, həmişəki kimi sözlə düşməni məğlub edib və vətənpərvərliyin yüksəlməsində maraqlı olduğunu bildirib.
Birmənalı şəkildə demək olar ki, İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Qarabağ məsələsində heç bir irəliləyiş olmayıb. Əksinə, atəşkəs dövründə minlərlə əsgərimiz şəhid olub, düşmən
ən son silahlarla təmin edilib, ordu korrupsiya yuvasına çevrilib. Hakimiyyət isə “Lələ təpə” və Cocuq Mərcanlıyla xalqa təsəlli verib, hətta minnət vurub. Uzun illər ərzində aparılan danışıqlar nəinki tarpaqları işğaldan azad etməyib, hətta əsir düşmüş Dilqəm və Şahbazı da azad etməyib, atəşkəsi bir gün də dayandıra bilməyib. Yəni, bunların danışığı düşməni atəşkəs müqaviləsinə əməl etməyə də məcbur qoymayıb. Ötən illər Qarabağın unudulmasına, işğal olunmuş bölgələrdə
düşmənin məskunlaşmasına, tarixi abidələrin erməniləşdirilməsinə, Azərbaycan ərazisində qondarma dövlətin yaradılmasına xidmət edib.
Vətənpərvərliyə gəlincə, Əliyev idarəçiliyi gəncləri ölkədən didərgin salıb. Son 10 ildə 120 min ali təhsilli vətəndaş ölkəni tərk edib. Xaricdə təhsil alanların əksəriyyəti isə ölkəyə qayıtmaq istəmir.
Bu ölkənin gəncləri şəhidə, şəhid ailəsinə, Qarabağ qazisinə verilən dəyəri görür. Bu ölkənin gəncləri “Tərtər işi” məhkəməsini izləyir, aprel döyüşlərinin qəhrəmanlarına hansı münasibətin göstərildiyinə şahidlik edir. Bu ölkədə istiqlalın əleyhinə səs verənlərə “Şərəf” ordeni, vətən üçün
sağlamlığın qurban verənlərə isə zindan qismət olur. İşğala məruz qalmış ölkənin telekanallarında bayağılıq, yaltaqlıq hökm sürürsə, karyera qurmaq üçün yaltaqlıq, yalan əsas şərtə çevrilirsə, fərarilər qəhrəman kimi təqdim edilirsə, gənclər trolluğa cəlb olunursa, hansı vətənpərvərlikdən danışmaq olar? Artıq ölkə vətəndaşları əmindir ki, YAP hakimiyyəti dövründə Qarabağ işğaldan azad edilməyəcək. Bu hakimiyyət qondarma erməni soyqırımını tanımış ölkələrdə xeyriyyəçilik tədbirləri keçirir, erməni kilsələrinə pulsuz qaz verir, ermənilərlə “şərab diplomatiyası” arzusundadır. Ona görə də İlham Əliyev hər dəfə Qarabağdan, vətənpərvərlikdən danışanda məğlubiyyət bayrağını qələbə bayrağı kimi gözümüzə soxmuş olur. O, yeganə prezidentdir ki, heç bir uğur əldə etməsə də “qalibəm” deyə bilir. 20 faiz torpağı düşmən tapdağında olan prezident
“nida” deməklə, Paşinyanla inglis dilində danışmaqla qürurlanır. Hansıki, 27 ildən sonra Qarabağın kimə məxsus olması mübahisə və müzakirə mövzusu olmamalıydı. Nəticə budur ki, ata-oğul
Əliyevlər “sülh danışıqları” adı altında məğlubiyyəti rəsmiləşdiriblər.
Əliyev nədən narahat olmalıdır?
İlham Əliyev çıxışında bəzi narahatlıqlarını da bölüşüb. Deyib ki, daxili problemlər daxildə həll olunmalıdır, siyasi ixtilaflar xaricə çıxmamalıdır. Yəni, Əliyev istəyir ki, ölkədəki eybəcərliklərə hamı sussun, bu hallar dünyaya ixrac edilməsin.
Əvvəla, neqativlərin dünyaya yayılmasının birbaşa səbəbkarı Əliyev və onun komandasıdı. Əgər bu ölkədə ədalətli məhkəmə olsaydı, vətəndaşın üz tutacağı ünvan qalsaydı, azğın adamlar başa
keçirilməsəydi, aidiyyatı qurumlar bir ailəyə yox, xalqa xidmət etsəydi, insanların mülkiyyətinə, elementar hüquqlarına təcavüz olunmasaydı, daxili problemlər daxildə həll edilsəydi, xaricə üz
tutmağa ehtiyac qalmazdı. Təsadüfi deyil ki, Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayına görə Azərbaycan ön sıralardadı. Ölkə vətəndaşları ölkədə hər hansı problemin həll olunacağına
ümid etmir. Hamı ölkədən qaçmağın, mühacir həyatı yaşamağın yolların axtarır.
İkincisi, İlham Əliyevi tamam başqa şeylər narahat etməlidir. Bu gün bütün dünya Azərbaycandakı korrupsiyasan, repressiyadan, saxtakarlıqdan xəbərdardı. Hakim ailənin və iri məmurların varidatı
zaman-zaman beynəlxalq mətbuatın gündəmi olur. Dünyadakı bütün çrkli əməliyyatlarda Əliyev hakimiyyətinin “əl izi” tapılır. “Kürü diplomatiyası” ndan tutmuş, Malta işinə qədər hər şey dünyanın
önündədir. Azərbaycanın təhsil olcaqları reytinq cədvəllərində sonuncu yerlərdə qərarlaşır. Söz azadlığı, azad mətbuat, seçki şəffaflığı indeksinə görə düşmən Ermənistandan da geri qalmışıq.
Azərbaycanın adı “qeyri-azad ölkələr” siyahısına salınıb. Offşorlardan hakim ailənin milyardları boylanır. Bütün parametrlər üzrə ölkə quyuya salınıb və İlham Əliyev belə halların dünyaya
yayılmasından narahat olmalıdır. Və bütün bunları müxalifət yox, hakimiyyəti zəbt edən zehniyyət edir. Əksinə, dünya mətbuatı, beynəlxalq təşkilatlar bu məlumatları açıqlayır ki, Azərbaycan xalqı
xəbərdar olsun. Ona görə də İlham Əliyev bu məsələdə susmağa üstünlük verməli və cənnəti cəhənnəmə çevirdiyi üçün utanmalıdır.
Tənəzzülə inkişaf adı vermək
İlham Əliyev həmişəki kimi analoqsuz inkişafdan, əhalinin gəlirlərinin artmasından, uğurlu sosial siyasətdən də danışıb. Rəsmi statistika isə Əliyevi təkzib edir. Bu ölkədə 2.5 milyon insan
məmur banklarının gorovuna çevrilib. Son 3 ildə 17000 tələbə təhsil haqqın ödəyə bilmədiyi üçün Universitetdən xaric edilib. ÜDM- nin artım göstəricisi ötən il ilə müqayisədə 80 faiz, yaxud 5 milyard dollar azalıb. Dövlət büdcəsindən maliyyələşmə 32 faiz kəsirlə icra olunub. Dövlət Neft
Fondu Rusiya bazarlarında mayanın 53 faizin batırıb. Düşmən Ermənistanın qeyri- neft ixracı bizi 4.5 dəfə üstələyib. Xarici investisiya qoyuluşu son 2 ildə 52 faiz azalıb. Yerli istehsal son 2 ildə 11 milyard manatdan artıq zərbə alıb. Son 1 ildə rəsmi işsizlik 4 dəfə artıb. Orta aylıq əməkhaqqı
gösgəricisinə görə autsayderlər siyahısındayıq. Xarici dövlət borcu, dövlət büdcəsindən 2 dəfə çoxdur. Milli valyuta 2 dəfədən çox devalvasiyaya məruz qalıb və növbəti devalvasiya qapıdadı.
Ən əsası isə 250 milyard dollar vəsaitin daxil olduğu ölkədə, adi su-kanalizasiya sistemi düzəlməyib. Kənd təsərrüfatı iflic vəziyyətdədi. İnhisarçılıq iqtisadiyyatın belin qırıb. Faktiki olaraq ölkə heç bir fövqəladə vəziyyətə hazır deyil və ölkəyə gələn neft pullarının böyük əksəriyyəti hakim ailənin və iri məmurların cibindədi. Ona görə də İlham Əliyevin uğurlu inkişafdan danışması fantastik nağıl janrındadı və uşaqları da inandırmaq gücündə deyil. Əliyev tənəzzüldən “konfet”
düzəltməyə çalışır, amma hamı bunun “siyasi peyin” olduğunu bilir.
Monoloq adı altında dialoq
Əliyev təyinolunmuşlar qarşısında siyasi dialoqdan da danışıb. Deyib ki, Azərbaycanda çoxpartiyalı sistem var və bütün siyasi qüvvələrlə dialoqda maraqlıyıb. Amma bir məqama
toxunmaqla özün yenə ağır vəziyyətə salıb. AXCP-nin dialoqdan imtina etdiyini bildirib və ölkənin ana müxalifətin “marginallaşmış dərnək” adlandırıb.
Əslində isə AXCP real dialoqa hazır olduğunu, dialoq imitasiyasında isə rol almayacağını bildirib.
Yəni, dialoqa hazır olan hakimiyyət üçün bu şərt normal hesab edilməliydi. Bəli, AXCP-nin irəli sürdüyü şərtlər iqtidar-müxalifət münasibətləri üçün açar məsələ idi. Amma İlham Əliyev bir daha
nümayiş etdirdi ki, ona dialoq yox, monoloq lazımdı. Dialoqa dəvət etdiyi qüvvəni aşağılamaqla isə, siyasi etikadan uzaq olduğunu, real müxalifətə düşmən münasibət bəslədiyini etiraf etmiş
oldu. İlham Əliyev bilir ki, AXCP-dən “oyuncaq müxalifət” düzəldə bilməyəcək və bu şərtləri qəbul etməyə onun iradəsi yoxdu.
Beləliklə, İlham Əliyev siyasi islahatlar təbliğatın da dəfn etmiş oldu. Məlum oldu ki, Əliyevin yeni adıyla cəmiyyətə təqdim etdiyi parlament də, səsləndirdiyi fikirlər də, təfəkkür tərzi də köhnədi, çağdaşlığa qarşıdı. Ən əsası isə bu hakimiyyət üçün avtoritarizmin alternativsiz dəyər olduğu
təsdiqləndi. İlham Əliyev yalnız talançılıqla, hüquqsuzluqla, zorakılıqla dialoqa girə bilir.
Bunlar heç vaxt öz arzuları ilə dəyişməyəcəklər və bu ölkədə dəyişikliyin yeganə yolu xalqın kütləvi etirazından keçəcək. Bu qədər köhnəlmiş zehniyyət, yeniliyə imza ata bilməz.