Türkiyədə Mavi Mərmərəyə basqına görə tarixi proses başladı
Noyabrın 6-da İstanbulda İsrail əsgərlərinin 2010-cu ildə Qəzzaya yardım aparan Mavi Mərmərə gəmisinə basqını və 9 nəfəri qətlə yetirməsi ilə bağlı simvolik məhkəmə prosesi başlayıb. “İsrail mühakimə olunur” adlı simvolik məhkəmə İstanbulun ən böyük inzibati binalarından olan Çağlayan Məhkəmə Sarayında keçirilir.
Məhkəmədə dünyanın bir sıra ölkələrindən nümayəndələr və jurnalistlər iştirak edir. Jurnalistlər arasında Azərbaycandan gəlmiş 6 media təmsilçisi də var.
Maraqlı məqamlardan biri də prosesə yəhudi icmasını təmsil edən çoxsaylı nümayəndə heyətinin də qatılaraq, İsrailin mühakimə olunmasına dəstək verməsidir.
Məhkəmə 3 gün davam edəcək. İlk gündə Mavi Mərmərə zərərçəkənlərinin və şahidlərinin qeydiyyatı aparılıb, onların ifadələri alınıb.
Proses müddətində məhkəmə binasının önündəki Çağlayan meydanında İsraili Mavi Mərmərə basqınına görə mühakimə və Fələstinə dəstək ifadə edən nümayiş keçirilib.
Türkiyənin bir neçə nüfuzlu telekanalı kameralarını Çağlayan meydanında quraraq, prosesin gedişini diqqətdə saxlayıb.
Qeyd edək ki, Çağlayan Məhkəmə Sarayında, o cümlədən iclas zallarında foto və video çəkiliş aparmaq yasaqdır. Buna görə də, prosesdən görüntülər yayımlanmayıb.
Alı Rza, İstanbul
Fotolar müəllifindir