REAL-ın sədri isə özünə qarşı təhdidlə bağlı Internet Foruma videomüraciət edib
Deputatlar Hadi Rəcəbli, Eldar Ibrahimov, Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Adil Əliyev, Fəzail Ağamalı, Mübariz Qurbanlı, Xanhüseyn Kazımlı və digərləri REAL-ın Hərəkatının sədri Ilqar Məmmədovu məhkəməyə verir. Bu barədə Modern.az-a siyahıda olan deputatlardan biri məlumat verib.
Buna səbəb Ilqar Məmmədovun Milli Məclis barədə yazdığı bloq yazısı olub. Həmin yazıda Ilqar Məmmədov Milli Məclisi aşağılayan ifadələr işlədib: “Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir”.
YAP-ın üzvü, deputat Siyavuş Novruzov REAL Hərəkatının sədri Ilqar Məmmədovu məhkəməyə verəcəklərini təsdiqləyib. O, bildirib ki, doğrudan da Ilqar Məmmədovu məhkəməyə verəcəklər: “Məhkəmə zamanı neçə millət vəkilinin onu məhkəməyə verəcəyi məlum olacaq. Burada söhbət Yeni Azərbaycan Partiyasından deyil, Milli Məclisdən gedir. Hər şey məhkəmə zamanı məlum olacaq”.
Ilqar Məmmədov isə “Azadlıq”a bildirib ki, deputatların addımından xəbərsizdir: “Mənim bu barədə məlumatım yoxdur. Ona görə də hələlik heç bir şərh vermək istəmirəm. Məhkəməyə müraciət etsələr, bu barədə fikirlərimi ictimaiyyətə çatdırıram”.
REAL-ın sədri bloq yazısına görə, deputat Adil Əliyevin onu hədələməsinə də münasibət bildirib: “Mən bununla bağlı sabah (bu gün-red )Bakıda öz işinə başlayan Internet Idarəçilik Forumuna ingilis dilində videomüraciət etmişəm. Minlərlə insanın qatıldığı o, forumda Ilham Əliyev də çıxış edəcək. Mən o müraciətdə bildirmişəm ki, beynəlxalq ictimaiyyət bu mafiya üslubunda hədələri şiddətlə qınasın. Ümumiyyətlə, bu hədələr tək mənə qarşı deyil. Azərbaycanda söz və fikir azadlığına qarşı belə hədələr var. Mənə qarşı olan hədə də bir nümunədir və fakt odur ki, bir adam məni mafiya üslubunda təhdid edib. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir. Çünki belə olmaz. Məgər ölkəni mafiya idarə edir?”