(«Bazar oxuları» – 5)
Yalnız yazıçıların yox, yazılanların da qəribə taleyi olur. Yandırılırlar, yasaqlanırlar. Bəzən müəlliflərinin adları heç kimə heç nə demir, əsərin şöhrəti müəllifindən çox irəli gedir. Tıpkı bəzən müəllifin şöhrəti hansısa əsəri üzə saldığı kimi.
Mənim üçün ən maraqlı, eyni zamanda kədərli tale yaşayan əsərlərin başında “Kerri bacı” romanı gəlir. Biz onun müəllifini daha çox “Amerika faciəsi” romanının yazarı kimi tanıyırıq. Bəli, Drayzer deyiləndə daha çox məhz bu roman yada düşür.
Halbuki, Drayzer “Kerri bacı”ya görə çox ağır illər yaşayıb. Sarsılıb, dəhşətli mənəvi iztirablardan keçməli olub, təhqirlərə, ədəbiyyatçıların və kütlənin kəskin hücumlarına məruz qalıb. Və sonda məhz “Kerri bacı” qalib gəlib.
Mən bu romanı ötən ilin sonlarında oxudum. Və Drayzeri (o vaxtadək onun sadəcə, “Dahi”si ilə tanış idim) özüm üçün yenidən kəşf etdim. Cəmi 29 yaşlı bir yazıçının qələmindən çıxan və onun ilk böyük əsəri olan, müəllifinin güclü xarakter yarada bilmək ustalığından xəbər verən bu roman həyatımızı yönləndirməyə çalışan zərərli qaydalara qarşı mübarizənin zərurətini anlatdı mənə.
Bəli, bəli, ətrafımızda, ümumiyyətlə, toplumdakı iyrəncliklərə görə suçu insanlarda axtarmaq yanlışdır, insanlar hər zaman onlara diqtə olunan qaydaların, yazılmamış qanunların qurbanlarıdır.
O qaydalar fərqli coğrafiyalarda fərqli cür təzahür edə bilərlər, məsələn, bizdə adına “mentalitet”, “milli mənəvi dəyərlər” deyilən mücərrəd anlayışlar kimi. Amma bu, nəticəni dəyişmir: hər bir halda insanlar – qurbandırlar!
Onların əxlaqını, mənəviyyatını məhz toplumda hegemon olan qaydalar və həmin qaydaları qoruyan, həmin qaydalardan mayalanıb əzici üstünlük qazanan güclər korlayır.
Məntiqlə bunun əksi də mövcuddur – insanların əxlaqını, mənəviyyatını, ləyaqətini yüksəltmək üçün mövcud olan zərərli, zəhərli qaydalar, həmin qaydalara söykənən sistem dəyişməlidir.
Söhbəti tutmayanlar “Kerri bacı”nı oxumalıdırlar, mənsə bu romanın taleyinin nədən maraqlı və kədərli olmasından danışmaq istəyirəm bir az da.
Bəli, bu romanı yazarkən Drayzerin 29 yaşı vardı.
Üstəlik, “Kerri bacı” onun ilk iri əsəri idi.
Roman çap edildikdən sonra müəllifinə həqarətlərdən, təhqirlərdən başqa heç nə qazandırmadı. Çoxluq Drayzerin özünü rüsvay etdiyini düşünürdü.
Roman 1250 nüsxədə çap edilmişdi, onun yalnız 450 nüsxəsi oxuculara çatdı, yerdə qalanı yasaqlandı.
Drayzer qəddarlıqda, cəmiyyətin beynini zəhərləməkdə, gənclərin əxlaqını korlamaqda, onları pis yola çəkməkdə ittiham olunurdu.
O, ənənəvi, mühafizəkar Amerika romançılığını darmadağın etmişdi və bunu kimsə Drayzerə bağışlamaq fikrində deyildi.
O, amansız hücumlar qarşısında idi. Bizə verməməyə çalışsa da, sarsılmaması mümkünsüz idi.
Elə ona görə də aldığı 68 dollar qonorarı götürüb ortadan qeyb oldu. Uzun illər Drayzerdən heç bir səs-soraq çıxmadı.
Və cəmi 7 il sonra…
Bəli, bəli, cəmi 7 il sonra “Kerri bacı” Ingiltərədə çap edildi. Roman böyük səs-küy yaratdı yenə. Amma bu dəfə təqdirlərin biri bir qəpik idi. Qısa zamanda bestsellerə çevrildi. Onun müəllifi isə artıq şöhrətin zirvəsinə qalxmışdı.
Bilmirəm, bu, onun illər əvvəl öz ölkəsində çəkdiyi acıları, üzləşdiyi mənəvi terrorun ağrılarını dindirmişdimi, amma bir şey gün kimi aydın idi: 7 il əvvəl müəllifini linçlə üz-üzə qoyan roman indi onu ədəbiyyatın “yeni müqəddəs”i etməklə məşğul idi.
Ağır söhbətdir.
Yalnız onunla təsəlli tapmaq olar ki, Drayzer onu “biabır” edən əsərinin onu dahiyə çevirməsini də sağlığında görə bildi. Halbuki, əksinə də ola bilərdi.
Və yəqin ki, bu haqsızlığı bəşəriyyətin alnından silməyi kimsə bacarmazdı.