Ən absurd qərarlar eşitmək istəyən buyursun Azərbaycana! Maaşları 30 dəfə qaldırmaq əvəzinə icazəsiz aksiyalara görə cərimələri qaldırırlar, özü də nə az, nə də çox, səhv etmirəmsə, düz 30 dəfə! Bu hələ hamısı deyil. Parlamentin mətbuat xidməti bundan sonra, necə deyərlər, bütün qəzetlərin monitorinqini keçirəcək ki, baxıb görsünlər bu orqanı hansı jurnalist tənqid edir. Əgər o, yəni jurnalist üstəlik parlament müxbiridirsə təklif var ki, belələrini bir daha parlamentin iclaslarına burxamasınlar.
Təsəvvür edirsinizmi? Burada yadıma bir beynəlxalq deklarasiya düşür. Orada yazmışdılar ki, jurnalistlər hökuməti tənqid etməyə borcludur!.. Bəli, biri borcdan, hüquqdan dəm vurur, o biri isə qadağalardan. Indi gəl, baş aç görüm, necə baş açırsan! Doğrusu, bir mətbuat adamı kimi məni parlament tamam maraqlandırmır. Bu, bir qara qutuda yerləşən dəzgah kimidir. Içində nə baş verir, məlum deyil, sadəcə çıxışında qanunlar olur. Ona görə də biz həmin qanunları təhlil etsək, mənə elə gəlir ki, yetərlidir. Bilmirəm, bir qədər əvvəl, sovetlər çağında Ali Sovetin iclaslarında jurnalistlər iştirak edirdi, ya yox? Bilmirəm. Amma onu bilirəm ki, bizim parlament jurnalistlərsiz, jurnalistlər də parlamentsiz çox gözəl keçinə bilər. Axı orada nə var ki? Sizi qanunlar maraqlandırır? Onlar dərc olunur, buyurun, nə qədər analiz edirsiniz edin həmin qanunları? Sadəcə, mən bunları ona görə yazıram ki, bəzən biz haradasa iştirakımızla bəzi qurumlara demokratik fasad, görüntü yaradırıq. ABŞ-da adicə küçədən keçən adam Konqressə daxil olaraq onun iclasında iştirak edə bilər. Budur demokratiya! Yoxsa biz də deyirik buralarda da demokratiya var? Hərçənd mən bunu heç vaxt dilimə gətirməmişəm və bundan sonra da gətirmərəm, ta o vaxta qədər ki, tamam əmin olum ki, həmin parlamentdə oturanlar öz mandatlarını demokratik seçkilərdə qazanıb.
Bir neçə il bundan əvvəl Polşada olarkən bizi parlamentin iclasına apardılar. Sakitcə oturub tamaşa etdik. Dünya dağıldımı? Yoxsa biz aləmi bir-birinə qatdıq? Yadıma gəlir ki, L.Valensa da iclasda iştirak edirdi. Mən onu ilk dəfə orada gördüm. Spiker hər çıxış edən deputata özünün minnətdarlığını bildirirdi? Bəli, dünyada belə ölkələr var. Və yaxud arabir görürsən ki, hansısa ölkənin parlamentində əsl dava düşür. Biz də həmin qalmaqallara böyük həvəslə baxırıq. Amma bir detalı unuduruq ki, bu hadisələri çəkənlər var. Deməli, parlamentin iclasına nəinki mətbuat adamları, hətta televiziyalar buraxılır və onlara senzurasız çəkiliş aparmaq hüququ verilir. Bizdə bir vaxt bəzi deputatlara söz vermirdilər, ondan qala adi jurnalistlər olsun. Bəzən mənə elə gəlir ki, yahadığımız bu ağrılar, çətinliklər keçmiş günahlarımızın əvəzidir. Əgər bizim yaşlı nəsil “Cənnət görmək istəyən Azərbaycana gəlsin!” – deməsəydi indi belə cəhənnəm yaşamazdıq. Ona görə də gəlin səhvimizi düzəldək. Deyək ki, bəli, o vaxt səvh etmişik, cəhənnəm, köləlik görmək istəyən Azərbaycana gəlsin! Bəlkə bununla günahımız bağışlanar?
HƏQIQƏT QAPISI
Bu həftə filosof A.Zinovyevin 90 illiyi qeyd olundu. Mən bilmirəm bizim oxuculara bu ad nəsə deyir, ya yox? Amma bəlkə yaşlı nəsil onu xatırlayar. Məntiqçi, sosioloq, publisist və çox ziddiyyətli adam. Rusiya özü çox qəliz ölkə olduğu üçün yetişdirdiyi dühalar da qəliz olur. Zinovyev çox qəliz bir adam idi, hətta nabələd adam onu qeyri – ardıcıllıqda günahlandırardı. O isə bunun fərqində deyildi, nə düşünürdü, onu deyirdi, yazırdı. Mən belə adamları sevirəm. M.Qandi də belə idi, B.Rassel də. Onlar həqiqəti geriyə baxmadan qəbul edirdilər, ötən illəri, onların əziyyətini itirməkdən qorxmurdular. B.Rassel sonradan özünün bütün fəlsəfi təlimindən, konsepsiyasından imtina etmişdi. M.Qandi deyirdi ki, məni kiminsə gözündə ardıcıl görünmək deyil, həqiqət maraqlandırır. O bizdə dəbdir, elə çatan kimi deyirlər ki, bax, sən on beş il bundan əvvəl belə yazmışdın, belə demişdin. Mən bununla mənəvi, əxlaqi relyativizmi dirçəltmək, ona qahmar çıxmaq istəmirəm. Yox. Belə fikrim yoxdur. Amma düşünürəm ki, insan əsl həqiqətə gəlib çatıbsa onun “trayektoriya”sını anbaan yada salmağın elə də mənası yoxdur. Bu, keçmişdə deyilənlərdən, edilənlərdən məsuliyyəti götürmək də deyil. Sadəcə həqiqət qapısını açıq saxlamaq deməkdir.