Altay Göyüşov
Təbii ki, Azərbaycanı elita qurub. Əhalisinin 90 faizi oxumaq-yazmaq bilməyən bir xalqı arxasına alıb parlament respublikası qurmaq ağılasığmaz nailiyyət idi.
Amma indi əhalisinin az qala 100 faizi oxumaq-yazmaq bilən azərbaycanlılar orta əsr feodalizmi qurublar. Bu da bir növ ağılasığmaz nəticədir. Əcəba niyə?
Həzərat, çünki bunu sovet dövründə formalaşmlş elita qurub.
Bəs onda inqilabaqədərki, cümhuriyyət qurmuş elita ilə, sovet dövründə formalaşmış və feodalizm qurmuş elitanın fərqi nədir?
Bir neçə fərq var, amma hamısı bir-biri ilə əlaqədardır.
İlk növbədə odur ki, birincilər ikincilərdən çox savadlı idilər. Yəni dövrünün müasir bilikləri səviyyəsində savadlı idilər. Sovet dövrü ziyalısı heç cür dövrünün bilik müasiri ola bilmədi, köhnəldi və qıcqırdı. Təxminən maarifçinin mübarizə apardığı cəhalətə oxşayır. Sadəcə fərqi odur ki, bu dünyəvidir.
İkincisi odur ki, o dövr intellektualının ideologiyası var idi. Biri özünü millətçi, o biri liberal, bir başqası solçu və sairə sayırdı. Sovet dövrü ziyalısının ideologiyalardan xəbəri yox idi. Tutaq ki, nə qədər paradoksal olsa da, hətta Marksın nə demək istədiyini yalnız primitiv, bəsit şəkildə bilirdi.
Çoxu millətçi idi, amma yenə də çox primitiv səviyyədə millətçi idi. Son 30 ildə də millətçiliyin o primitiv səviyyəsindən yuxarı qalxa bilmədi. Siyasi dildə desək, heç olmazsa, mərkəzə doğru irəliləmədi, ilişdi qaldı sağ qanadın ucunda. İdeoloji görüşü səbəbi ilə deyil, bəsitliyi və bisavadlığı səbəbilə.
İnqilabaqədərki ziyalı müstəqil idi, nə etmək lazımdır, necə etmək lazımdır, özü müəyyənləşdirirdi və bu istiqamətdə fəaliyyət, fədakarlıq göstərirdi.
Sovet dövrü ziyalısına formalaşdığı sistem müstəqilliyi qadağan etmiş, yuxarıdan gələn əmrləri yerinə yetirən kargüzara çevrmişdi. Nəinki fədakarlıq bir zümrə kimi bunlara xas deyildi, girmək ümumi xarakterik xüsusiyyətinə çevrilmişdi.
İnqilabaqədərki ziyalı dövrünün müasiri idi, cəmiyyətin ağlıkəsən fərdləri onlara oxşamaq istəyirdi. İndi isə gərək nə qədər geridəqalmış olasan ki, böyüyəndə AzTv ziyalısına oxşamaq istəyəsən.
İnqilabaqədərki ziyalı Qərbi də tanıyırdı, Şərqi də. Ernest Renanı da oxuyurdu, Firdovsini də. İndiki ziyalı nə Qərbi fərli başlı tanıyır, nə də Şərqi. Beynindəki təsəvvürlər ya çox primitivdir, ya da ki, kökündən yanlış.
Hələlik bu qədər.