Allah heç bir istedad sahibini yaltaqlıq bəlasına düçar eləməsin. Nədən ki, istedadlı adamın yaltaqlıq xəstəliyinə tutulması bir başqa faciədir. Sağalması zordur, bəlkə də, imkansız. İllər öncə ölkənin teleməkanında fərqli yeri olan ANS kanalının aparıcı siması Mirşahini xatırlayırsınız? İstedadı ilə rəqib tanımayan, müəllif proqramları rekord qıran, hakimiyyətin ən üst pilləsində oturanların belə yuxusuna haram qatmağı bacaran telejurnalisti. Sözünün çəkisi öz çəkisindən on dəfə ağır, tənqidinin təsiri güllədən daha kəskin Mirşahini. Acı gerçəkləri dediyinə görə prezidentin qardaşı Cəlal Əliyevin qəzəbinə tuş gələn, parlamentin tribunasından küçə söyüşləri ilə təhqir olunan telejurnalisti. İllər sonra həmin cəsarətli adamın Real TV-də gördüyünüz söyüş makinasına necə dönüşdüyünü seyr edib kədərlənməyin. El arasında “hər şey olacağına varar” deyirlər. Mirşahin də eləcə əslinə dönüşüb, gəzib-dolanıb qanının çəkdiyi yerə gedib çıxıb. Adamı sındırıblar və ya sınığı öz naturasından imiş, fərq etməz. O artıq Əliyevlər diktaturasının TV ekranındakı kuklasıdır, qaydasız söyüş üzrə birincilik yarışına girən adi kuklası. İyrənc rejimin texnokratları onu hakimiyyətin ən eybəcər oyunlarına alət ediblər. O hər gün Əliyevin özünə rəqib saydığı şəxsləri ən çirkin şəkildə söyməklə, onları şantaj etməklə məşğuldur. Həm də bir zamanlar Cəlal əminin onu söydüyü ritorika ilə. Xülasə, adam üç ilin işsizlik iztirabından sonra çörək qazanmağın yolunu tapıb. Bu “ağuya dönmüş çörəyi” qazanmaq da asan başa gəlməyib. Üç il boyunca davam edən məhkəmə prosesləri, etiraz aksiyaları, İlham Əliyeva yalvarış dolu müraciətlər, xahiş – minnətlər hədər gedib. “Heydər Əliyevin ruhu səmadan narahatlıqla bizə qurulmuş bu məhkəməni izləyir” deyirdi Mirşahin məhkəmədən sonrakı çıxışında. Sonda adam ən kreativ yaltaqlıqla öz xidmətini təklif etdi hakimiyyətə, Heydər Əliyevin məzarına şikayət məktubu yazmaqla. Görünür, o məktub həqiqətən də, ünvanına çatdı. Birinci xanımın tapşırığı ilə ona yeni telelayihə təklif etdilər, amma ən ağır şərtlərlə. Onun missiyası ancaq hakimiyyətə rəqib olanları söyməkdən ibarət olmalıydı və o da bu təklifi can-başla qəbul etdi. Uğurlu söyüş proqramları bir neçə aylıq sınaq müddətini başa vurduqdan sonra, TV-nin ekranlara buraxılmasına da yaşıl işıq yandırıldı. İndi ölkə əhalisi on il əvvəlki Mirşahinin yaltaq, söyüşkən hakimiyyət kuklası şəklinə baxıb Cəlal əmiyə rəhmət oxuyur…
ANS-in kollektivini İlham Əliyev hakimiyyətə gələndən sıxmağa başlamışdılar. Ölkədə müstəqil media qurumları sıradan çıxarıldıqca onların durumu daha da pisləşdi. Qurtulmaq üçün xilas yolları axtardılar, gah İlham Əliyevi, gah ölkənin birinci xanımını ilin adamı elan etməklə vəziyyətdən çıxmağa çalışdılar. Olmadı, proqramların tənqid dozasını aşağı saldılar, bəzi verilişləri dayandırmaq zorunda qaldılar. Sonra müxalifəti hədəf alıb, Əliyevə yarınmağa başladılar, yavaş-yavaş sındılar, qırıq-qırıq olub töküldülər. Leyla Əliyevanın boşanma xəbərini “qızlarımız ağlaşmağa başladılar” şəklində təqdim edəcək qədər kiçildilər. Amma bu qədər kiçilmələr də işə yarımadı, qərar verilmişdi, ANS bağlanmalı idi. Ara söhbətlərinə inansaq, telekanalda Fətullah Gülənlə gedən müsahibəni bəhanə gətirib bu qərarı vermişdilər. Lakin məsələnin kökləri daha dərin idi. Hakimiyyətdən kənar kimsənin özəl telekanal saxlamasına izin verilməyəcək məqama gəlib yetişmişdi ölkənin durumu. Bu gün həmin telekanalın yetişdirməsi Mirşahin həmin hakimiyyətin ekranında Əliyevləri öyməklə məşğuldur. Artıq adamın istedadlı yaltaqlığı da ikrah doğurur. “İlham Əliyev heç vaxt getməyəcək, o, dövlətdir” deyir Mirşahin. “Müxalifətçilərə çörək satmayın, onları avtobuslardan düşürdün, təcili tibbi yardım müxalifətçilərin çağırışlarına getməsin” deyir. Peşəkar jurnalistikadan dəm vurub, xarici diplomatlarla müxalifət liderlərinin danışıqlarını yayımlayır. Xülasə, adam hakimiyyətin marionetkası olub, ipini verib Əliyevlərin əlinə. İnsafən, yüksək yarınma istedadına görə də ona çatan olmaz, ilin yaltağı nominasiyasını alın təriylə haqq edir.