Medvedyevanın təyyarəsindən 11 dəfə baha
Bu aralar Əliyevlər hakimiyyətinin dayağı Rusiyanın gündəmində də təyyarə qalmaqalı var. Müxalifət liderləri baş nazirin xanımı Svetlana Medvedyevanın 50 milyon dollarlıq təyyarəsindən tutub, hakimiyyəti sürüyür. edir. Aleksey Navalnı Medvedyevaya məxsus “Bombardier Global Express 5000” laynerinin 2017-ci ilədək “VTB” dövlət bankının “Tekser Management Limited” ofşor şirkətinə məxsus olduğunu bildirib. Onun sözlərinə görə, “VTB” bankın sədri Andrey Kostin tərəfindən aparıcı Nailə Əsgərzadəyə hədiyyə edilən biznes-cet də həmin şirkətin adına qeydiyyatdan keçib. Daha sonra Medvedyevanın təyyarəsi Belizada “If Company Limited” ofşorunun adına yazılıb. Müxalifət təmsilçiləri bildirib ki, baş nazirin bir aylıq maaşı (800 min rubl) həmin təyyarəni yalnız bir saatlıq icarəyə götürmək üçün bəs edər. Baş nazirin həyat yoldaşı isə heç yerdə işləmir, ona görə, çıxıb xalqın qarşısında təyyarəni hansı pullarla aldıqları haqda hesabat verməlidirlər. Məlumdur, bütün avtoritar rejimləri təmsil edən hakimiyyət təmsilçilərinin lüks düşkünlüyü var, Əliyev rejiminin lüks düşkünlüyü isə görməmişik səviyyəsindən də çox uzağa gedib. Təsəvvür edin, keçmiş sovetlər imperiyasının baş qərargahı Rusiyada baş nazirin arvadı 50 milyon dollarlıq təyyarədə gəzdiyinə görə ittihamlara tuş gəlir. Azərbaycan kimi balaca bir ölkənin acgöz birinci ledisi isə belə ağır bir məqamda təyyarə kolleksiyalarına yarım milyard manatlıq birini də əlavə edir. Xəbər verildiyi kimi, VIP hökumət nəqliyyatı üçün dizayn edilən VİP B777-200 (LR) təyyarəsindən “Boing” şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Təyyarənin alınması üçün 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödənib və bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabərdir. Antimilli hakimiyyət illərdir uşaqpulu verməyə imkan olmadığını bəyan edir. Tibbi sığorta da verə bilmirlər. Amma xalqa çatacaq milyardları utanmadan öz komfortları üçün xərcləyib, səsini çıxarana da “antimilli ünsür” adı qoyurlar. Özünüz deyin, bu ölkənin tarixində xalqa qənim kəsilən belə zərərli ünsürlər gördünüzmü?
589 milyon 730 min manatla neçə ailəyə uşaqpulu düşür?
Şübhəsiz, qatı totalitar qaydalarla idarə edilən Rusiya, bənzəri olan Azərbaycana göstəriləcək yaxşı nümunə deyil. Amma orda belə durum bizdəkindən qat-qat yaxşıdır. Elə bircə bu fakta nəzər salmaq yetər. İyul ayında Rusiya Dövlət Duması uşaqlı ailələrə ödəniş qanununu yeniləyib. Yeni qanuna görə, doğulan və ya övladlığa götürülən birinci və ikinci uşaq üçün aylıq ödəniş artır. Yeniliyə əsasən, 2020-ci il yanvarın 1-dən ödəniş yaşayış minimumu həddinin 2 mislinə bərabər olacaq. Qanunda başqa bir dəyişikliyə görə, valideynlər uşağın 3 yaşı tamam olana qədər ödəniş alacaqlar. İndi ödəniş uşağın yaş yarımı tamam olana qədər verilir, yaş yarımdan 3 yaşadək aylıq uşaq pulu isə 50 rubldur. Hazırda Rusiyada əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 11,6 min rubldur (313 manat). Azərbaycanda uşağın anadan olmasına görə cəmi 200 manat birdəfəlik müavinət verilir. Hər ay uşaq pulunun verilməsi praktikası isə ləğv edilib. Buyurun, fərqi özünüz görün. Özünüz görün ki, insanlar öz ölkəsində haqqına sahib çıxmağı bacarmayanda hakimiyyət necə yaramaz adamların əlinə keçir? Bu qədər yoxsulluq və işsizlik olan ölkə büdcəsinin 4 faizi dəyərində təyyarə almaq hansı ərköyünlüyün və harınlığın göstəricisidir? 589 milyon 730 min manatla nə qədər kasıb ailəyə uşaqpulu, yaşlılara, əlillərə təqaüd, ölkə vətəndaşına tibbi sığorta pulu verilə bilərdi! Sizcə günah təkcə harınlamış ailə hakimiyyətindədirmi? Öz haqqına sahib çıxa bilməyən insanlarımızda heçmi günah yox? Niyə elliklə bir kampaniya başladıb, “təyyarənin pulunu xalqa qaytarın” tələbini səsləndirmirik? Niyə işimizi öz-özümüzə deyinməklə bitmiş sayırıq və bu nə qədər davam edəcək? Bu ailənin yeni bir təyyarəyə ehtiyacı yoxdur, amma o pullar xalqın ehtiyacları üçün hava-su kimi lazımdır .
Görməmiş ailənin təyyarə kolleksiyası üçün
Xatırlayırsınızsa, üç il əvvəl AZAL-ın sədri Cahangir Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow-2016″ Beynəlxalq aerokosmik salonunda iştirak edərək, “Boeing”, “Ilyuşin”, “Antonov” və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparmışdı. “Boeing” şirkətinin rəhbərləri ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunmuşdu. “Ilyuşin Finans Ko.” şirkəti ilə də MC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılmışdı. Tərəflər iyun ayında 10 yeni MS-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışdılar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulmuşdu. Sizcə, ölkə büdcəsini bu bahalı təyyarələrə yönəltmək hansı zərurətdən doğur görəsən? Kimə lazımdır bahalı təyyarələrə bu qədər pul xərcləmək? Bu lobbiçi ölkələrə rüşvətin bir forması kimi həyata keçirilir, yoxsa ailənin təyyarə kolleksiyasına rəng qatmaq məqsədi daşıyır? Azərbaycan insanı, haqqını bunlara yedirdiyin yetmədimi? Səsini qaldır, o təyyarə geri qaytarılmalı və pulları sənin övladlarının ehtiyaclarına xərclənməlidir. Bu talançı rejim durdurulmalıdır, yoxsa ölkənin başına gələcək fəlakətlərin qarşısını kimsə ala bilməyəcək.