Vitse-prezident üçün dünyanın ən bahalı təyyarələrindən biri
Bildiyimizə görə, dünyada ən bahalı təyyarə və avtomobil maraqlısı olan adamlar ərəb şahzadələri sayılır. “AZAL”ın vitse-prezident üçün 346 milyon 900 min dollara təyyarə aldığını eşidəndə internetdə kiçik bir araşdırma apardıq. Məlum oldu ki, ərəb şahzadələrinin satın alınan ən bahalı təyyarələrinin qiyməti, əsasən, 359 milyon dollardır. Təyyarələrin fantastik bahalaşması satın alındıqdan sonra baş verir. Macəra dəlisi olan şahzadələr onu dizaynerlərə təslim edib içinə əlavə milyonlar xərcləməyi böyük bir hünər hesab edirlər. Beləliklə, təyyarələrin VİP kabin dizaynı tamamlandığı zaman qiyməti xeyli bahalaşır. Araşdırma üçün dünyanın 10 ən bahalı təyyarəsinin siyahısına da baxdıq. Öyrəndik ki, bizim vitse-prezident xanımın təyyarəsinin qiymətindən bir az bahalı, cəmi 3 təyyarə var siyahıda. F-22 Raptor –döyüş təyyarəsi, qiyməti 350 milyon dollar. Airbus A340-300 Custom –şəxsi təyyarə qiyməti 350 milyon dollar(iş adamı Əlişir Usmanova məxsus təyyarənin öz qiyməti 230 milyon dollar olub, xüsusi olaraq hazırlandığı üçün baha başa gəlib.) Airbus A380 Custom – 500 milyon dollar. Yerdə qalan 7 bahalı təyyarə “AZAL”ın aldığı B777-200 (LR) təyyarəsindən xeyli ucuzdur. Qeyd etdiyimiz kimi, dünyanın ən güclü iqtisadiyyatına malik olan Almaniyanın kansleri Angela Merkelin belə bahalı təyyarəsi yoxdur. Amma Mehriban Əliyevanın Angela Merkellə müqayisə olunacaq heç bir tərəfi olmadığını da yaxşı bilirik. Moda və lüks düşkünü olan birinci ledinin dünyanın ən məşhur şahzadələri ilə bəhsə girdiyini bilməyən yoxdur. Geyim tərzindən, qrimindən, aksessuarlarından tutmuş, gün eynəklərinə qədər o, həmin qadınları yamsılayır.
Dünya şahzadələrinin geyim tərzini yamsılamaq
Moda gecələrinin birində çox ünlü bir stilist də etiraf edib ki, Əliyevanın lüks çılğınlığı həmin şahzadələrlə apardığı “rəqabətdən” irəli gəlir. Həmin məşhur deyir ki, onun geyim tərzi Səudiyyə Ərəbistanın şahzadəsi Əbdüləziz bin Nasir Əbdüləziz bin Al Səudin həyat yoldaşı Şahzadə Dinaya bənzərdir. O da Əliyeva kimi gözəl geyim həvəskarıdır və bu həvəslə hətta beynəlxalq moda jurnalının “Vogue Arabia” versiyasını da buraxmaq qərarına gəlib. Onun da Əliyeva kimi brend geyim mağazası var. Səudiyyə Ərəbistanda “DNA” adlı butiki fəaliyyət göstərir. Butik üçün kolleksiyaları Dina şəxsən özü seçir. Birinci ledinin “təcrübə aldığı” başqa biri də Monako şahzadəsi Şarlott Kazaraqidir. O da geyimə olan düşkünlüyü ilə model şahzadələrdən çox Hollivud ulduzlarına bənzəyir. Şarlott hətta “Gucci”, “Valentino” və ya “Chanel” kimi moda evlərinin reklamlarında çəkilir. Əliyevanın görüb-götürdüyü üçüncü şahzadə xanım Qətər əmirinin ikinci arvadı Şeyx Mozadır. Moda biliciləri onu əsl stil ikonası hesab edirlər. O, əsasən, “Valentino” moda evindən geyinir. Moza dünyanın məşhur brendlərindən, ən çox “Chanel”dən istifadə edir. Moza “Vanity Fair” jurnalına əsasən, ən yaxşı geyinən məşhurlar sırasına daxildir. Mehriban Əliyevanın Mozanı yamsılaması ilə bağlı maraqlı bir informasiya da var. Moda həvəskarları bilir ki, “Afffair” brendinin yaradıcısı həmyerlimiz Rüfət İsmayılov ərəb aləmində tanınan məşhur dizaynerlərdəndir. O, müsahibələrində dəfələrlə qeyd edib, ərəb şahzadələrindən tez-tez sifarişlər alır, onlar üçün çox bahalı geyimlər hazırlayır. Onun müştəriləri arasında Qətər şahzadəsi də var. Bu xəbərlərdən sonra məlum oldu ki, birinci xanım da Rüfət İsmayılovu soraqlayıb tapıb, onun kolleksiyalarından seçim etməyə başlayıb. Hətta IV İslam Oyunlarının bağlanış mərasiminə də modelyer Rüfət İsmayılın hazırladığı kostyumda çıxıb.
Başqa dünyanın adamları
Yəni, işin əsli belədir. Dünyanın lüks, brend, “şoppinq” dəlisi olan moda ikonları bir-birindən örnək alıb zamana meydan oxuyur. Çevrədə baş verən fəlakətlər, yoxsul insanların yaşadığı problemlər, ölkənin durumu onları çox da maraqlandırmır. Hakimiyyət, güc, gözəllik, seçilmək hirsi bütün başqa məsələləri arxa plana keçirir. Bir də hər kəsdən üstün olmaq hikkəsi! Xalqın, ölkənin milyardları hesabına geyinib-bəzənmək, insanlara yuxarıdan aşağı baxmaq təkəbbürü birləşdirir onları! Onların gözündə öz xalqının və ölkəsinin gələcəyi üçün bəşəri dəyərlər yaradan insanlar maraqlı deyil. Onların gözü özlərindən başqa kimsəni görmür. Onlar başqa dünyanın adamlardır, ədalət və mərhəməti sürüklənən dünyanın.