Azər Mehtiyev: «Neft Fondu ayrılan vəsaitlərin səmərəli və təyinatı üzrə xərcləndiyinə nəzarət edə bilmir»
Mətbuatda Neft Fondunun fəaliyyətində qeyri-şəffaflığın olması ilə bağlı səslənən fikirlər əsassızdır. Bunu, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov dünən keçirdiyi mətbuat konfransında deyib. Ş.Mövsümovun sözlərinə görə, Fondun vəsaiti ilə həyata keçirilən layihələr üzrə nəzarət funksiyaları mövcuddur və qurumun hər manatına nəzarət olunur. Icraçı direktor bildirib ki, ötən il Neft Fondu Hesablama Palatasının auditindən keçib və bu zaman heç bir nöqsan aşkar edilməyib. Ş.Mövsümov daha bir maraqlı məqama toxunaraq bildirib ki, ötən il Neft Fondunun vəsaitlərinin gəlirliliyi 1 faiz olub. ARDNF-nin vəsaitlərinin 53,41%-i ABŞ dolları, 41,43%-i avro, 5,16%-i isə ingilis funtunda yerləşdirilib (APA). Qeyd edək ki, bəzi yerli ekspertlər bu vəsaitlərin daxili iqtisadiyyata yönəldiləcəyi təqdirdə, Fondun daha yüksək gəlirə nail olacağını bildirirlər. Onların fikrincə, məlum vəsaitlər Azərbaycanda ayrı-ayrı sahələr üzrə kreditlərə ayrılsaydı, bundan həm Neft Fondu qazanardı, həm də yerli sahibkarlar. Görək, iqtisadçı Azər Mehtiyev bütün bunlar barədə nə düşünür?A.Mehtiyev əvvəlcə onu bildirdi ki, Neft Fondu dövlət strukturları arasında fəaliyyəti ilə bağlı mütəmadi məlumat verən yeganə qurumdur: “Bu qurumun saytında biz həm Dövlət Neft Fonduna daxilolmalar, həm Fonddan ayrılmalar, həm həmin vəsaitlərin idarə edilməsi haqqında məlumatlar əldə edə bilirik. Burada Neft Fondu tərəfindən maliyyələşən layihələr və onlara ayrılan vəsaitlər haqqında da məlumat var. Göndərdiyimiz sorğulara da hər zaman cavab almışıq. Bu baxımdan Neft Fondunun gəlir və xərcləri haqqında məlumat əldə etmək imkanı genişdir”.
400 milyonluq layihəyə 1 milyarda yaxın vəsait…
Amma iqtisadçı bildirir ki, bütün bunlara görə Neft Fondunun bütün məsələlərdə şəffaf olduğunu demək də düzgün olmaz: “Biz Neft Fondundan maliyyələşən layihələrin şəffaf olmamasından danışmışıq. Söhbət, ayrılan vəsaitlərin bu layihələrdə necə istifadə olunmasından gedir. Yəni, layihələrin idarə olunması və xərclərin yerlərdə istifadəsində şəffaflıq və səmərəlilik şübhə altına düşür. Bu gün Neft Fondunun elə bir imkanı yoxdur ki, hər bir layihənin gedişini və həmin vəsaitlərin istifadəsini izləsin. Təbii ki, bütün layihələrin icrası haqqında sənədlər Fonda gəlir. Həmin sənədlər əsasında da vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyinə baxılır. Amma burada başqa məqamlar da var. Məsələn, Oğuz-Qəbələ-Bakı neft kəməri icra olunmağa başlayanda onun dəyəri ilə bağlı qoyulan rəqəm iki dəfə artırılıb. 400 milyona başa gəlməli olan layihəyə 1 milyard dollar civarında vəsait ayrılması nəzərdə tutulub. Ayrılan vəsaitlərin nə qədər səmərəli və nə dərəcədə təyinatı üzrə xərcləndiyinə isə nə Neft Fondunun, nə də ictimaiyyətin nəzarət etmək imkanı var. Hesablama Palatası da belə bir monitorinq aparmayıb. Bu baxımdan deyirik ki, layihələrin icrası zamanı vəsaitdən səmərəli istifadə olunmasında ciddi problemlər var. Ona görə zaman-zaman məsələ qaldırırıq ki, Neft Fondundan layihələrin birbaşa maliyyələşdirilməsi həyata keçirilməməlidir. Vəsait dövlət büdcəsinə transfer olunmalı və istifadəsi bu yolla reallaşdırılmalıdır”.
“Neft Fondunun ölkəyə yönəltdiyi vəsaitlər korrupsiyanın yeminə çevrilir”
A.Mehtiyev ötən il ARDNF-nin vəsaitlərinin gəlirliliyinin 1 faiz olmasına da aydınlıq gətirdi: “Fondun təqdimatına baxsaq görərik ki, vəsaitlərin təxminən 40 faizi avrodadır. Avro da ötən il ən çox böhrana məruz qalan valyutalardan olub. Qlobal maliyyə böhranının təsirləri nəticəsində Neft Fondunda gəlirlərin itkisi baş verib. Burada vəsaitlərin idarə olunması ilə bağlı ciddi məqamlar var. Neft Fondunun vəsaitlərinin ölkə daxilindəki layihələrə yönəldiləcəyi təqdirdə, daha böyük gəlirlərə nail olunması ideyasına gəlincə, bu, ilk baxışdan cəlbedici görünür. Vəsaitləri niyə xaricə yerləşdiririk? Niyə daxildə kənd təsərrüfatı və digər sahələrin inkişafına yönəltmirik? Ölkə iqtisadiyyatı bu qədər vəsaiti həzm edə bilməz. Bu qədər vəsaitin yönəldilməsi ölkədə əlavə problemlər yarada bilər. Bu gün Dövlət Neft Fondundan ölkə iqtisadiyyatına onsuz da böyük vəsaitlər yönəldilir. Və biz çox vaxt bu vəsatlərin korrupsiyanın yeminə çevrilməsinə şahid oluruq. Belə olan halda Fondun ölkə iqtisadiyyatına əlavə vəsait yönəltməsi nə dərəcədə məqsədəuyğundur? Bu, ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər”.
Gültəkin