Medvedev niyə baş naziri terrorçularla yox, yaralılarla maraqlanmağa göndərdi?
Rusiyanın Domodedovo hava limanında baş verən partlayışdan günlər keçir. Amma bu olayın hansısa planın başlanğıcı, ya da sonu olduğu barədə fikirlər səsləndirilmir. Rusiya bu cür böyük beynəlxalq uçuşları həyata keçirən aeroportunu qoruya bilmədi. Bunu dünyaya göstərmək istəyən qüvvələrin fəaliyyəti nəticə verdi. Amma bu bir son nəticə idimi? Yəni, hər şey Rusiyada, bir yarıtmaz hökumətin olduğunu bəyan etməklə yekunlaşacaqmı?
Fikrimizcə, bu olayların ardında daha ciddi və strateji maraqlar mövcuddur. Nədənsə, bu mövzunu yazmağa hazırlaşdığım dəqiqələrdə mən eyni zamanda Avropa Komissiyanın rəhbəri Joze Manuel Borrozunun Azərbaycana və Türkmənistana səfərini də xatırlayırdım. Rusiya bu səfərin təsirlərini aradan qaldırmaq üçün cidd-cəhd edirdi. Putinə yaxın adam sayılan Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin Bakı səfəri də bu qəbildən tədbirlərin sırasına aiddir. Amma Rusiyanın başı indi özünə qarışıb. Görünür başqalarına nümunə olmaq istəyən dövlətlər öz sağlam modelləri ilə diqqəti çəkməlidirlər. Rusiya özünü qoruya bilmirsə, başqa dövlətlərə necə istiqrar vəd edə bilər ki? Rusiyanın daxilində həll etməli olduğu təhlükəsizlik və sabitlik məsələlərini bir tərəfə atıb, dünya nəhəngləri ilə çarpışmaya girməsi Kremlin özünümüdafiə qabiliyyətini tamam itirməsinə səbəb olub. Heç şübhəsiz, daxili narazı və silahlı qüvvələr bu faktordan gen-bol istifadə edirlər. Ona görə də Rusiyanın Qərb dünyasının təhlükəsizliklə bağlı təkliflərinə ciddi yanaşmasında fayda var. Eyni zamanda Moskvanın yolunu getmək istəyən xırdatəkərlilər də bu olaydan lazımi nəticələr çıxarmalıdırlar…
Niyə beynəlxalq hava limanı?
Şimali Qafqazdakı partlayışların metropolisə doğru irəliləməsi bir müddət öncə Moskvadakı metro partlayışı ilə ilk siqnalını vermişdi. Bu, Rusiya hökumətindən narazı olan qüvvələrin yerli hakimiyyətə ən sərt mesajı idi. Görünür hökumət azadlıqları boğmaq yolunda davam etdiyi üçün proseslərin qarşısını almaq mümkün olmadı. Sonuncu olayın beynəlxalq hava limanında baş verməsi isə artıq dünyaya bir mesajdır. Bu o deməkdir ki, Rusiyada nəinki rusiyalıların, hətta bu ölkəyə gəlib-gedən hər kəsin – diplomatların, biznesmenlərin həyatı təhlükə altındadır. Üstəlik, uzun müddətdir ABŞ Rusiya ilə bu istiqamətdə danışıqlara cəhd edir. Söhbət Soçidə planlaşdırılan Olimpiya oyunlarının təhlükəsizliyi naminə Rusiya hökumətinin daxili demokratiya və təhlükəsizlik məsələlərinə diqqət ayırmasından gedir. Bu olay isə açıq şəkildə demokratik dünyaya faktiki mandat verdi ki, nəinki rusiyalıların, hətta bu ölkəyə gəlib-gedən təmsilçilərinin həyatı üçün narahat olsunlar və Rusiya hökumətindən lazımi tədbirləri tələb etsinlər.
Rusiyanın daxili rəyi də fərqli deyil…
Terrorçulara qarşı daim sərt leksikonu ilə seçilən hazırkı baş nazir və sabiq prezident Vladimir Putin bu olaydan sonra heç bir hüquq-mühafizə orqanlarına üz tutmadı. Tapşırıqlar vermədi. Partlayış törədənləri hədələmədi. Bu dəfə əməliyyatlara prezident Medvedev başçılıq edirdi. Təşəbbüs onun əlində idi. Və ilk addım kimi Moskva milisinin rəis müavini olaya görə vəzifəsini itirdi. Bu, indiyə kimi ilk belə hadisə idi. Medvedevin baş verənlərin səbəbini hüquq-mühafizə orqanlarında və hökumətdə axtarmasına ictimai rəydən də dəstək gəlir. Medvedevin Putini yaralılarla maraqlanmağa göndərməsi onu mühüm hadisələrin ikinci planına atmaq jesti idi və bu, baş tutdu. Rəsmi telekanallarda aparılan müzakirələrdə belə fikirlər səslənir ki, Rusiya hökuməti yarıtmazdır. Bütün müzakirələrin hədəfində isə Putin durur. Belə hesab olunur ki, onun yaratdığı və zorla davam etdirməyə çalışdığı korrupsioner sistem mövcud olduqca Rusiyada həqiqi sabitliyə qovuşmaq mümkün deyil. Çünki, korrupsiya bütün dövlət və təhlükəsizlik orqanlarını iflic edib, buna görə də bir balaca rüşvətlə terrorçular istədikləri yükü daşıya və ya cinayətdən qoruna bilirlər. Putin isə bu getməkdə olan və qaldıqca ölüm vəd edən sistemin başındadır. Rusiyada artıq yaşamaq uğrunda mübarizə diqqəti cəlb edir.
Seymur Həzi