Ailə hakimiyyəti öz aləmində çox incə siyasət yürütdüyünü düşünür. Əslində isə, buna özü çalıb, özü oynamaq deyərlər. Kürəkən prezident islahat şousu qurub, yerdəyişmə aparır, incə eyhamla yaşlı adamları istefaya çağırır. Xanımın 72 yaşı əmisi Hafiz Paşayev də incə gediş edib prezidentə istefa ərizəsi yazır, onu Xarici İşlər nazirinin müavini vəzifəsindən azad etməyi xahiş edir. H. Paşayev əmək fəaliyyətinin 27 ilinin müstəqil Azərbaycan tarixinə təsadüf etdiyini, Əliyevlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini bildirib. O deyib ki, “dövlət başçısının rəhbərliyi altında aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq” bu addımı atıb.
Amma bu H. Paşayevin siyasi səhnədən çəkilib evində oturacağı anlamına gəlmir. O, ADA Universitetinin rektorudur və bu universitetin XİN-in nəzdində olduğunu nəzərə alsaq, Paşayev XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
Afərin, şou çıxarmağı necə də gözəl bacarırlar! Oyun ssenariləri qurmaqda və aktyorluqda bunlarla heç Hollivud da rəqabət apara bilməz. H. Paşayevin işi onsuz da uzun zamandır o universitetlə bağlıdır. “Nazir müavini” olmaq, sadəcə, bir status idi və indi o statusdan imtina etməklə, guya möhtərəm əmi islahatlara dəstək nümayiş etdirir. Amma görünür, çoxları kimi o da anlayır ki, ölkədə insan haqlarının amansız şəkildə boğulmasına, son mitinqdə baş verənlərə görə ABŞ və Avropa tezliklə hakimiyyətin əsas şəxslərinə sanksiya tətbiq edəcək. 72 yaşlı Paşayevin məlum statusdan könüllü şəkildə imtina etməsi bu təhlükədən yayınmaq cəhdi də ola bilər. Hakimiyyətin daxilində oyunlar dönür və hamı bilir ki, islahat söhbətləri insanların diqqətini bu oyunlardan yayındırmaq üçündür. Artıq 26 illik hakimiyyət xalqın artan qəzəbi ilə üz-üzə olduğunu yaxşı anlayır. Amma o, real islahatlara getmək, xalqa doğru addım atmaq iqtidarında və iradəsində deyil. Ona görə də, tərəflər arasında uçurum gündən-günə dərinləşir.
Hakimiyyət oyun oynayır, xalqı da oyundankənar vəziyyətə salaraq, öz ömrünü uzatmağa çalışır. Bu oyunu yalnız özün poza bilərsən, Azərbaycan xalqı! 2 noyabr mitinqində elliklə meydana gəl! Qurtuluşumuz o meydanlarda, o etiraz aksiyalarındadır, unutma!