Deputat ölkəyə normal turist gəlməməsindən niyə gileylənir ki?
Parlamentin söyüş söymək işinə baxan deputatı Araz Əlizadə, deyəsən, arada başqa məsələlərdən də danışır. O, yaxın günlərdə çıxış edib, ölkədə turizm sektoruna zərbə vuranlar olduğunu deyib: “Turizm sahəsində ən böyük problemin restoranlarda, yeməkxanalarda qiymətlərin od tutub yanmasıdır. Bu barədə ciddi düşünmək lazımdır. Nə qədər turist yaxınlaşıb soruşur ki, harada normal qiymətə yemək olar? Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidir”.
Belə yerdə deyirlər – avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Azərbaycanı bütün dünya tanımalıdır, doğru. Amma onu artıq sizin təmsil olduğunuz hakimiyyət lap yaxşı tanıdıb. Bu rüsvayçı parlamenti, biabırçı deputatları, “kürü diplomatiyası”, “laundromat” qalmaqalı ilə tanıdıb. Ölkədə yaratdığı polis diktaturası, repressiv rejim, korrupsiya, rüşvət əməlləri ilə tanıdıb. Dünyanın normal ölkələrinin imtina etdiyi oyunları bura gətirib milyonlar tökməklə deyil ki. Sizi hər yerdə yaxşı tanıyırlar, nə əməllərin sahibi olduğunuzu da bilirlər. Normal ölkənin turistləri bu ölkəyə niyə gəlsin ki? Ölkəyə normal turist gətirmək üçün normal ölkə qurmalısan, normal ölkə qurmaq üçün normal parlament formalaşdırmalısan. Sənin kimi deputatı olan ölkəyə normal turist niyə gəlsin axı? “Bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir” deyirsiniz. Bəs o səviyyəsizlərin bura ayaq açmasının səbəbləri haqqında düşünmüsünüz heç? Kim açıb onlar üçün bu ölkədə bazarı? Onların namusumuzu tapdayan çirkli ayaqlarını “Torqovı”ya kim açıb görəsən? Kim imkan yaradıb onların şəhərin mərkəzində qız-qadın bazarı açmasına? Hardan alıblar bu adamlar o cəsarəti? Aradabir özünüzə bu sualları versəniz, doğru olmazmı?
Nümunə götürmək istəyirsinizmi? Qonşu Gürcüstana nəzər salın. Təkcə 2019-cu ilin birinci rübündə Gürcüstana gələn əcnəbi qonaqların sayı milyon nəfərə çatıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Bu ilin ikinci rübündə isə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 4,3% artaraq 329 815 nəfərə çatıb. Son 4-5 ilin statistikasına görə, Gürcüstan bu sahədə sürətlə inkişaf edərək, bir çox ölkələrdən önə keçib. Ölkəyə turist cəlb etmək təkcə neft çıxarıb milyardlarını havaya sovurmaqla olmur. Normal turistləri bir ölkəyə cəlb edən daha önəmli şeylər var. Siz həmin dəyərlərə əməl etmədiyiniz üçün, o turistlərin yolunu çox gözləməli olacaqsınız.
Səviyyəsiz, “striptiz” parlamentə qarşı 2 Noyabr bizimlə meydanlarda ol! DİN binasının qarşısında saat 15 00dən axşamadək.