Xəstə parlamentin 80-i haqlamış “sağlam” deputatları yenə mandat istəyir
Deyəsən bizim diktatorun gücü ancaq xalqına çatır. Hakimiyyət daxilində diktatorun sözünü eşidib saya salan yoxdur. Adam baş nazirin iki qocaman müavinini yola salanda söz atmışdı ki, yaşı 70-i ötənlərdən də eyni addımı gözləyir. Amma hər kəs yaxşı bilir ki, köhnə qvardiyanın qoca “əsgərləri” xoşluqla heç yerə gedən deyillər. Niyə qınayırsınız, öz prezidentlərinə çəkib adamlar, hakimiyyətdən qopa bilmirlər. O üzdən indi İlham Əliyev qalıb odla suyun arasında. Plan düz getmir. Parlamenti buraxa bilmir, qorxur, qarşıda bələdiyyə seçkiləri var. Bir yandan da hökumətin daxilində dirəniş göstərib getmək istəməyən qocalar islahat imitasiyasına əngəl törədir. O əl-ayağa dolaşan ahılların bir xeylisi də cəmləşib Milli Məclisdə. Adamlar deputat mandatını dədələrinin vərəsəlik kağızı kimi hər beş ildən bir təzələyib, qoyurlar ciblərinə. 70-i ötən, 80-i haqlayan da əl çəkib getmək istəmir. Son günlər mətbuatda fəallaşıb prezidentə mesaj da göndərirlər. 25 ilin deputatı, 78 yaşlı Arif Rəhimzadə deyir ki, onun fiziki gücü, ağlı, huşu yerindədir, hovuzda üzür və növbəti seçkilərdə yerini kimsəyə təslim etmək fikrində deyil. Deputatlıq üçün tam sağlam olduğunu bildirən 72 yaşlı Hadı Rəcəbli də eyni iddianı qoyub ortaya. Bir sözlə, adamlar Məşədi İbad kimi “əlhəmdüllah, quş kimiyəm” deyib, mandatı əldən buraxmaq istəmirlər. 25 ildir xalqın ağrı-acıları hesabına formada qalan bu adamların sağlamlığından kimə beş qəpiklik xeyir dəyib görəsən?
Əslində, bu adamların danışmasında fayda var. Qoy danışıb, xalq etirazlarına bir az da stimul versinlər. Qoy xalq bir daha anlasın ki, deputat mandatı bu adamlara xalqa xidmət üçün yox, öz komfortları üçün lazımdır. O parlamentdə təkcə bu iki adam yox, 118 deputatın hamısının düşüncəsi eynidir. Heç biri millət vəkilliyi adını qazanmaq üçün xüsusi bir fədakarlıq etməyib. Fuad Muradov və Naqif Həmzəyev kimi ən gənclərindən tutmuş 82 yaşlı Ağacan Əbiyevinə kimi hamısı eyni yolun yolçusudur. Hamısı o məclisə eyni yolla, eyni qapıdan gəliblər. O məclisdə illərdir kiminsə xalqın dərdini dilə gətirdiyini görən olmayıb. Bu gün meydanlara çıxan insanların narazılığına ən çox əsas verənlər elə o deputatlardır. Və şübhəsiz, həqiqi xalq parlamenti formalaşdırmağın yolu 2 noyabr mitinqindən keçir. Bu köhnə, qocalmış beyinlərdən, primitiv parlamentçilik düşüncəsindən, şəxsi imtiyaz vəsiqəsi kimi mandatdan beşəlli yapışanlardan xilas olmağın tək çarəsi kütləvi etirazlardadır. Öz parlamentini qurmağın, öz vəkillərini seçməyin zamanıdır, Azərbaycan insanı! 2 noyabr mitinqi o tarixin başlanğıcı ola bilər. Bu saxta, anti-xalq “striptiz” məclisinə “istefa” demək üçün meydana gəl!