VİDEO
Şəhid anasını alçaldan “şoumen” deputat xaçmazlıları da qəzəbləndirib
Sosial şəbəkədə şəhid ailəsinin problemlərindən özünə “reklam filmi” düzəldib yayan “striptiz” deputat Eldəniz Səlimovu yıxıb sürüyürlər. Bu ölkədə insanları nə günə qoyublar? Şəhid anaları niyə acından ölür? Nəyə görə şəhid ailəsi deputata yalvarıb ondan çörək istəməlidir? Harda ölüb o hökumət ki, şəhid anasını deputatın 30-40 manatlıq bazarlığına möhtac edib? O hökumətin başında oturanlar hansı vicdanın sahibidirlər ki, bu videoya baxıb gecə evlərində rahat yuxuya gedə bilirlər? Hardadı o oyuncaq “striptiz” parlamentin rəhbərliyi ki, bu rəzilliyi reklam edib paylaşan adamı çağırıb yerində otuzdurmur? Necə düşüb bu adamlar parlamentə? Hansı qəhrəmanlığına görə gətirib çıxarıblar yuxarı başa bu adamları? Bu sualların cavabı varmı?
Deputatlığı dövründə Eldəniz Səlimovla bağlı xatırlanan tək şey MM-ə seçildikdən sonra xidməti maşınını özündə saxlayıb medianın gündəminə düşməsi olub. “Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerindədir. Görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir.” Sonrakı dövrlərdə onun haqqında yazılan bir məqalədə deyilir: “Millət vəkilinin taleyi seçiciləri narahat edib. E. Səlimovun harada olduğu, fəaliyyəti, parlamentdəki çıxışları xaçmazlıları maraqlandırır. Onlar bilmək istəyirlər ki, işıq və qazın bahalaşmasından sonra deputat necə dolanır, bir çətinliyi yoxdur ki?! E. Səlimovun Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin kadrı olduğu və onun biznesini idarə etməkdə müəyyən paya sahibləndiyi bildirilir. Seçiciləri də deputatın onlarla nə vaxt görüşdüyünü xatırlamır. Parlament ən passiv deputatlarından olan millət vəkili aktual mövzularla bağlı bir dəfə fikrini bildirməyib. Yerli sakinlər və seçicilər də deputatını tanımır.”
Bu adamın nə yolun yolçusu olduğunu xaçmazlılar hamıdan yaxşı bilir. O rüsvayçı video-filmi çəkib yaymaqla adam kimə nəyi sübut etmək istəyir? Belə ucuz və alçaldıcı şəkildə “mən xalq adamıyam, məndən başqa burlarda iş görən yoxdur” deməkmi istəyir? Parlament nə zaman təmizlənəcək belə mənəviyyatsız adamlardan? Deputatın mətbuatda müxalifətin mitinqlərini pisləyən, hakimiyyəti tərif edən bir xeyli müsahibəsi də var. Müxalifətin mitinqləri belə deputatlar üçün nəyə görə qorxuludur, bilirsinizmi? Çünki bu ölkədə normal hakimiyyət qurulduğu zaman, parlamentdə Eldəniz kimilərə yer olmayacaq. Öz reklamını şəhid ailəsinin faciəsi üzərində quran bu səviyyədə adamlara yerini göstərməyin zamanı çatıb. Onun harda, nə işlə məşğul olduğundan xəbərsiz xaçmazlılar da xalqın etiraz səslərini ucaltmalıdırlar. 2 noyabrda Bakıda mitinq var. Bütün bölgələr bu mitinqə səs verməlidirlər ki, hakimiyyəti Eldənizlərdən xilas edək.