Rövnəqdən diktatora qarşı etiraz çağırışı kimi video-klip
SOCAR-ın Türkiyə şöbəsi 29 oktyabr Cümhuriyyət bayramı münasibəti ilə xüsusi bir video-klip hazırlayıb. Şirkətin FB səhifəsində paylaşılan video böyük peşəkarlıq nümunəsi olmasa belə, xeyli təsirlidir. Klip Qurtuluş savaşı zamanı Çanaqqalada Türk Mehmetcikləri ilə birgə savaşıb şəhid olan Azərbaycan əsgərinin taleyini əks etdirir. İnsafən, insanı duyğulandıran, vətənpərvərlik hissləri oyadan videodur. Və təəccüblü olsa da, bu klipi ölkənin milyonlarını ailəsinin lüks həyatına xərcləyən Rövnəq Abdullayev çəkdirib. Nə deyək, ya son vaxtlar hədəfdə olan adamın vətənpərvərlik duyğuları cuşa gəlib, ya da videonun milyonların hisslərinə təsir edəcəyini düşünməyib. Xüsusən də, 2 noyabr mitinqi ərəfəsində. Yoxsa, biz bunların necə vətənpərvər olduğunu bilirik, vətən, millət dərdi çəkib, dar gündə xalqın səsinə səs verən deyillər. Sadəcə, işlərinə yarayanda rusçu, türkçü, ərəbçi olmağı yaxşı bacarırlar…
Videonu SOCAR prezidentinin hazırlatmasına baxmayın, izləyin. İzləyin ki, bu millətin təkcə oğlu 2 milyonluq saat taxan Rövnəqlərdən ibarət olmadığını görəsiniz. İzləyin ki, bu torpaqlarda şəhid babalarının böyük ruhunu daşıyan minlərlə igidin var olduğunu biləsiniz. Bizi qardaş ölkəylə birləşdirən dəyərin korrupsiya simvoluna çevrilmiş SOCAR deyil, daha müqəddəs ideallar olduğunu görəsiniz. Video-klipi izləyin və 2 noyabr mitinqinə bir çağırış olaraq qəbul edin. Son nəfəsdən dirilən bir xalqın, yoxdan var olan bir bayrağın, son qarışından vətən olan bir torpağın hekayəsi var o klipdə. Yoxsul daxmasında şəhid oğlunun son məktubunu bağrına basıb “Vətən sağ olsun” deyə hönkürən ananın harayı var. O haray darda olan vətənimizin xilasına bir çağırışdır. İyirmi faizi erməni quldurları, səksən faizi YAP rejimi tərəfindən işğal olunan ölkəmizin qurtuluş mübarizəsinə bir çağırış! Onu ölkəmizi diktatura bataqlığında boğan 26 illik Əliyev hakimiyyətinə qarşı birlik çağırışı kimi qəbul edin. O çağırışın ruhu ilə 2 noyabr mitinqində birlik olub diktatora gücümüzü göstərək! Gücümüzü elə göstərək ki, vətən, həqiqətən, sağ olsun! Rövnəqlərin xan olduğu vətən deyil, qanunların şah olduğu vətən olsun!