Minlərlə insan “mitinqlərə davam” dedi
Azərbaycan insanı! Azadlıq üfüqü lap yaxındadır. Yetər ki, bu dirənişindən vaz keçmə! Yetər ki, azad toplaşmaq haqqını kimsəyə yedirmə! Yetər ki, aradığın haqqın meydanlara çıxan yüzminlərin birliyində olduğuna inan! Yetər ki, bu davanın qalibiyyətlə nəticələnəcəyinə ümidini heç bir halda itirmə! 19 oktyabr aksiyası ilə böyük bir mərhələ keçildi. Bütün bağlı qapıların açılmasına az qalır. Yetər ki, susub evdə oturmayın, evlərinizdən çıxın!
Milli Şura yeni aksiyanın gününü elan etdi. Növbəti aksiya 2 noyabr tarixinə təyin olundu. Dünən canlı yayımda mitinq xəbərini elan edən AXCP sədri Əli Kərimli bildirdi ki, BŞİH-nə müraciətdə aksiya üçün iki yer göstərilib – 28 may metrosunun qarşısı və “Məhsul” stadionu. 25 min sosial şəbəkə istifadəçisinin izlədiyi canlı yayımda minlərlə insan “mitinqlərə davam” mesajı verdi. Hakimiyyət zorakılığın əks təsir verdiyini anlasın artıq! İlham Əliyev işgəncələrin öz əleyhinə çevrildiyinə bir daha əmin olsun. Bu xalq susmayacaq. Yüzminləri susdurmaq mümkün olmayacaq! Ölkə dəyişməlidir, 26 illik çürümüş sistem getməlidir. Boşuna dirənməklə, yetmiş, səksən yaşlıları bir-biri ilə əvəz etməklə özünüzü xilas edə bilməzsiniz. Hədər yerə xalqa da, özünüzə də əziyyət verməyin. Milyonlar sizdən narazıdır. Milyonlar bu sülalə hakimiyyətindən zara gəlib. Milyonlar ölkəyə yeni nəfəs, yeni ruh gəlməsini istəyir!
Əgər siz öz haqlarınız üçün elliklə etiraz etməyə hazırsınızsa və onlardan vaz keçməyəcək qədər inadkarsınızsa, qarşınızda heç bir güc dayana bilməz! Bu, nə pafos xatirinə deyilmiş sözlərdir, nə də imkansız bir şeydir. O tarixi 80-ci, 90-cı illərdə yaşamış xalqıq! Yüz minləri bir nəfəsdə “azadlıq” hayqırıb ölkəyə müstəqillik gətirmiş xalqıq! Yenidən meydanlara çıxmalıyıq, yenidən əzilmiş haqlarımızın davasına qalxmalıyıq. Bu ölkənin tarixini yenidən yazmalıyıq. Övladlarımıza belə bərbad bir sistem buraxıb getməyə haqqımız yox!
yaxınlarınızla küçələrdə toplanın. Deputatlardan narazısınızsa, parlament binası tərəfdə toplanın, şüarlarınızı səsləndirin. Polis zorakılığına etirazınız varsa, DİN-in qarşısına gedib qanun pozucularının cəzalandırılmasını tələb edin. Mitinqi daha təsirli olmasını təmin etmək üçün maraqlı üsullar düşünün. Keçən mitinqdə siqnal aksiyasının təsirini gördünüz. Şəhərin mərkəzi küçələrindən hansında imkan varsa, orda yığışın. Məsələn, DİN binasının qarşısı, saat 15 00dən axşamadək. Müxtəlif dünya ölkələrindəki etirazlarda istifadə olunan maraqlı detallardan bəhrələnin. “Joker” qrimlərinə, “V for Vendetta” maskalarına bənzər maskalardan istifadə edin! Sən qalib gələcəksən, Azərbaycan insanı. Buna inan, öz gücünə inan!