İlham Əliyevin öz iş otağı yoxdur ki, “Port-Bakıda” iclas keçirdir?
Mehriban Əliyevanın Prezident Administrasiya ilə olan intriqası, deyəsən, kulminasiya nöqtəsinə çatıb. Vəziyyət o dərəcədə gərginləşmişdir ki, artıq İlham Əliyevin görüşlərini də Mehriban Əliyevanın ofisində “Port-Bakıda” keçirdiyi deyilir. Prezidentin iqtidar daxilində islahatlara mane olan adamlar haqqında danışması da, şübhəsiz, bu məsələdən qaynaqlanır. Görünür, vəziyyət gerçəkdən də dözülməzdir. O dərəcədə dözülməzdir ki, ölkə başçısı özü bu haqda açıq danışmağa başlayıb. Bəs dünənə qədər dildən düşməyən qüdrətli, monolit, güclü komanda nağılından danışırdılar. Bəs dünənə qədər “böyük öndərin uzaqgörən siyasəti elə bir komanda formalaşdırıb ki, ondan başqa ölkənin təminatı yoxdur” deyirdilər. Analoqsuz inkişafdan, sıçrayışılı tərəqqidən dastanlar bağlayıb, regionun lider dövləti olduğumuzu bağırırdılar . Harda qaldı o inkişaf, o tərəqqi, o sıçrayış? Əliyev cütlüyü bəzi qocaları qurban verməklə hakimiyyətin ömrünü uzatmaq istəyir yoxsa? Xalqın gündən-günə artan etirazları canlarına üşütmə saldığına görəmi, belə əl-ayağa düşüblər? Komandanın bir necə qoca kadrını ona görəmi yola saldılar? Baxaq, hələ bir az hakimiyyətdə qalmaq üçün hansı oyunlardan çıxmağı düşünürlər bunlar?
Mehriban Əliyevanın köhnələrin qələmini qırıb öz komandasını yaratmaq arzusu yeni söhbət deyil. Daha kimsəyə sirr deyil ki, o, saray daxilində aləmi bir-birinə vurmaqla ərinin yerinə keçməyi düşünür. Vitse-prezidentlik kürsüsünə yiyələnməsi, ayrıca TV açması, konstruktiv müxalifət komandası formalaşdırmaq üçün müəyyən adamlarla danışıqlar aparması də bu plana hesablanıb. Amma deyəsən Əliyeva bu iddialarının reallaşması yolunda ən böyük əngəl olaraq PA administrasiyasını görürdü. Ona görə bütün gücünü qoyub o komandanı sıradan çıxarmaq istəyirdi. Vitse-prezident bu davaya özünə yaxın bildiyi xeyli məmuru da cəlb edib. Elə MM və PA arasında gedən söyüş müharibəsinin konturları da onun kabinetinə uzanır. Deputatların öz aralarında “bir halda prezidentlə vitse-prezidentin özü bunları söyür, biz nədən söyməyək” söhbətləri təsadüfdür, elə bilirsiniz? Xeyr, artıq qarşıdurma o həddə qədər böyüyüb şişib. Daxildə iki tərəfin hakimiyyət savaşı məlum, amma daha ağrılı məqam bilirsiniz nədir? Bu adamlar üçün xalqın fikri, mövqeyi, seçim hüququ heç bir önəm daşımır. “Xalq kimdir bizim işimizə qarışsın” düşüncəsi ilə idarə ediblər ölkəni on illərdir. Geyimlərinin brend Avropa məhsulları olmasına baxmayın, beyinləri feodalizm məhsuludur bunların. Xalqı insan yerinə qoymadan, səsini saymadan hakimiyyət qırğını aparırlar. Biz bunlara “yetər ölkəni sümürdünüz, dəf olun gedin” çağırış edirik, bunlar isə özlərini karlığa qoyub gələcək üçün yeni planlar qururlar. Xalq bu harınlara öz yerini göstərməlidir artıq. O yerin ya həbsxana küncü, ya da sürgün olduğunu qulaqlarında sırğa eləsinlər.